İbrahim İlyaslı : - NÖQTƏ

Nöqtədən başlayıb hər şey dünyada,–
Əvvəlimiz nöqtə, sonumuz nöqtə.
Nöqtədi dəryada təklənmiş ada,
Bir nöqtə boydadı canımız, nöqtə.
Nöqtədən başlayıb otlar, çiçəklər,
Nöqtə boydacadı nöqtə səsi də.
Eynicə nöqtədi fillər, böcəklər,
Nöqtə sürüsüdü Yer kürəsi də.
Nöqtədən başlayıb qibləyə yönüm,
Nöqtə – bircə kəlmə, nöqtə – yeddi rəng.
…Sənin, şəkil çəkən, başına dönüm,
Mənim nöqtə boyda bir şəklimi çək.