Elman Eldaroğlu : - Yaxşılığı unutmayan KİŞİ...

Heydər Əliyev- 102
Mayın 10-nu unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyidir. Bu ərəfədə sizə Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan, onun siyasətini xalq arasında dəstəkləyən insanlar haqqında məlumat vermək istəyirəm. Bu dəfə sizə onlardan biri barədə danışmağa səy göstərəcəm...
O, 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndindəində dnyaya gəlib. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetə qəbul olunub. 1971-ci ilədək orada ali təhsilə yiyələnib. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra "Politexnik" qəzetində müxbir, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor, "Dan ulduzu" qəzetində baş redaktor, "Mədəniyyət" qəzetində baş müxbir, "Şeytan" jurnalında müxbir, "Açıq söz" qəzetində redaktor müavini, "Mozalan" qəzetində redaktor müavini, "Yeni Azərbaycan" qəzetində baş redaktor vəzifələrində çalışıb. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərərək, "91-lər"-dən biri olub və Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirlən təsis konfransında iştirak edib. Siyasi Şuranın üzv seçilib. Bir çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər isə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə təltif olunub. Prezidentin fərdi təqaüdçüsüdür...
Deyir ki:- “Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verəndən sonra bir müddət Moskvada yaşadı, 1990-cı ilin iyul ayında doğma vətəninə- Azərbaycana qayıtdı. Onda qardaşı Cəlal Əliyevlə birlikdə ulu öndəri qarşılamaq üçün aeroporta getdik. Orada baş verən əhvalatlar barədə artıq Elmira Axundovanın Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev: şəxsiyyət və zaman" yeddicildlik kitablarında yazılıb və həmin yazıların içərisində mənim xatirələrim də var. Əlbəttə, orada dediklərim mənim görüşlərimi bütün təfsilatı ilə əks etdirmir. Bəzilərini indi daha yaxşı xatırlayıram. Elmira xanımın romanlarının 5-ci cildində qeyd olunduğu kimi, mən əllərində Heydər Əliyevin Bakıya gəlməsinə etiraz şüarları yazılmış transparantlar olan bir qrup saqqallı, tərbiyədən uzaq, kobud küçə adamları ilə rastlaşdım və onlara etirazımı bildirdim. Sonra komendantın yanına getdim, həmin adamlara niyə təsir göstərmədiyini soruşdum. Komendant açıq-aşkar dedi ki, "mən nə edə bilərəm, onlar yuxarının adamlarıdır!". O zaman Ayaz Mütəllibov hakimiyyətdə idi...”
Olduqca ünsiyyətcildir. Çox adamdan fərqli olaraq, onunla tanış olmaq asandır. Ancaq gərək münasibətdə olanda onun diqqətini cəlb etməyi bacarasan. İlk tanışlıqdan başlayaraq, bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiz. Yüksək zəka və intellekt sahibidir. Ona görə də, özünə bənzər adamlarla ünsiyyət qurmağı xoşlayır. Yüksək zövqü var, zərif, incə çeylərdən xoşu gəlir. Onun üçün ən gözəl hədiyyə isə kitabdır...
“Heydər Əliyev haqqında o vaxtlar çox yazırdım. Odur ki, məni aeroportda görəndə gülümsədi və dedi: "Sən bilirsən ki, özünü əjdahaların, ilanların içinə atmısan?” Doğrusu, bu sözlərdən bir az "istiləndim", soruşdum ki, "mən nə etmişəm?". Heydər Əliyev də cavab verdi ki, "soruş, nə etməmisən? O yazılara görə sənə və ailənə böyük pisliklər edə bilərlər...". Mən də dedim ki, "ədalət hissi məni susmamağa məcbur etdi...". Heydər Əliyev yenə gülümsəyərək: "amma gördüyün kimi, çoxları susdular", - dedi. Bizim aeroportdakı qısa söhbətimiz bununla bitdi. Sonra Heydər Əliyev aeroportdan maşın karvanının müşayiəti ilə qardaşı Cəlal müəllimgilə onlara getdi. Səhəri gün biz orada Heydər Əliyevlə yenidən görüşdük. Narahat görünürdü. Səbəbini soruşdum. Qəribə istehza ilə dilləndi: "Xəbər göndəriblər ki, elə bu gün Bakını tərk edib ya Moskvaya qayıtmalıyam, ya da Naxçıvana getməliyəm...". Bir gün sonra isə Heydər Əliyev Naxçıvana getdi. Bir gün də telefonla mənə zəng edib dedilər ki, Heydər Əliyev sizinlə danışmaq istəyir. Heydər Əliyevin səsini eşitdim: "Gəl Naxçıvana, özün yazdıqlarının şahidi ol ki, xalq məni necə qarşılayır!". Əlbəttə, mən Naxçıvana getdim və bir neçə gün orada Heydər Əliyevlə bir evdə qaldım. Gördüm ki, Heydər Əliyevi ziyarət etməyə gələnlərin ardı-arası kəsilmir. Oradan qayıdandan sonra "Xalq məhəbbəti... Böhtançıların aqibəti" adlı böyük bir yazı dərc etdirdim.”- söyləyir.
Maraqlı adamdır. Onunla ünsiyyət olanda, çalışın çoxlu suallar verin. O, sizə gözəl söhbətlər edəcək. Əgər hər şeyin ürəyinizcə olmasını istəyirsinizsə, onda sizin yüksək yumor qabiliyyətiniz, səmimi ünsiyyətiniz, etibarınız tələb olunur...
Deyir ki:- “Mən sadə kənd müəlliminin ailəsində dünyaya göz açmışam. Heç zaman arxamda heç kimim olmayıb. Əzablı yollardan keçmişəm. Təkcə Heydər Əliyevdən arxa, kömək görmüşəm. Onun ölkə Prezidenti olduğu dövrdə millət vəkili seçilmişəm, baş konsul vəzifəsinə təyin edilmişəm. Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini almışam. İlk kitablarım da Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə çap olunub, pyesim Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Rəşid Behbudov adına Mahnı Teatrında yubileyim, indiki Heydər Əliyev sarayında əsərlərimdən ibarət "Satira gecəsi" keçirilib. Əziyyətimin bəhrəsini görəndə az da olsa, sevinmişəm. Ona görə də qəlbimdə həmişə Heydər Əliyevə minnətdaram...”
Onunla hökmranlıqla rəftar etmək mənasızdır. O, belə münasibəti xoşlamır, əyilməz adamlardandır. Doğrudur, yeniliyi çox sevir, amma köhnə münasibətlərə dəyər verməyi bacarır. Emosiyalarına sahib çıxan adamlardan isə xoşu gəlir. Çalışın ki, onun xoş əhval-ruhiyyəsi olmadığı bir vaxtda problemlər haqda danışmayasız...
Bəli, haqqında söhbət açdığım yazıçı, naşir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim Xeyrəddin Qoca nəinki, Ulu öndərə sağlığında sədaqəti ilə seçilib, ona bütün yaxşılıqlarına görə, bu gün də rəhmət oxuyan insanlardandır...