Xatirə Rəhimbəyli : - Oruc

Ədəbiyyat 08:53 / 08.05.2025 Baxış sayı: 1059

 

Bütün nemətlərdən gözümü çəkdim,

Bütün istəklərə... özümü sıxdım.

Qurudu köksümdə dərin dəryalar,

Ah,sualtı qayam,sən üzə çıxdın...

 

Qoşuldu yellərə gəldigedərlər,

Yenidən açıldın,ən dərin yaram.

İçində bu mübhəm çəkisizliyin

Nəfəs,səndən özgə heç nə almıram.

 

Səndinmi Məcnunun döndüyü qiblə,

Səndinmi Leylinin hüquqsuzluğu?

Eşq adına axan bu coşqun çaylar

Yatıra bilmədi bu susuzluğu...

 

Bütün duaların içində varsan,

Bu eşq hardan alır bu cəsarəti?

Yenə də ərafda çırpınır ruhum,

Qəbulmu,batilmi bu ibadətim?

 

Bütün nemətlərdən gözümü çəkdim...