Balayar Sadiq : - O ZAMAN

Gözüm kirpik- kirpik çəkdi nazını,
Sildin qismətimə düşən yazını.
Belə gözəl qıran bəxt aynasını,
Sənin sinəndəki daş idi ,gülüm.
Ömrün dar macalı,bəxtin dar günü,
Arzumun üzündən öpdü qar günü.
Sən çıxıb gedəndə bir bahar günü,
Mənim ürəyimdə qış idi,gülüm.
Göylərə yalvarıb «getməsin» deyən,
Tanrı qapısını yumruqla döyən,
Bəyaz varaqlarda qara don geyən ,
Mənim gözlərimin yaşıydı,gülüm.
Qəlbimin başında qəm yığın-yığın,
Sərdi gözüm üstə həsrət yaylığın.
Öyrətdin dilini vəfasızlığın,
Ürəyim o zaman naşıydı,gülüm.