Kəmalə Abiyeva : - Sadəcə susa bilmədim…

YAZARLAR 07:33 / 20.01.2025 Baxış sayı: 431

19 yanvar 1990. 35 il ötüb o gecədən. 2 ilə yaxın idi xalq yatmırdı. Xalqın azadlıq, bütövlük hissləri ilə oynayanlar o gecə evlərində oturmuşdu. Dağılın deyənləri eşitmirdi kimsə. Mən də indiki 20 yanvar deyilən yerdə idim. O gecə daha dəhşətli qırğın ola bilərdi. Bunu indi anlayır adam. Sonra Qarabağ savaşı, ölümlər, çarəsiz qalan könüllü batalyonlar. Və “istefa” çağırışları. Qarabağdan gələn “kömək lazımdı, silah lazımdı” harayını eşitmirdik. Eşitməyə qoymurdular.Başımızı qatan “Qəhrəmanlar” meydana gəldi. Məqsədləri hakimiyyət idi. Biz isə onda anlamırdıq. “İstefa” deyib hay salmışdıq. Hətta Qarabağdan döyüşçülər gəlirdi ki, istefa vaxtı deyil, torpaqlar əldən gedəcək. Xocalı faciəsinə qədər dayanmadılar…Bakıda BTR-lər vardı, silahlı dəstələr və s. Nələr oldu bizim nəsil bilir. Hamımız cəbhəçiydik. Necə aldandıq!!! İndi anlayırıq ki, dövlətimiz məhvə gedirdi.

Daha çox yaza bilərəm, amma çoxlarının bildiyidi. Əslində yazmasam da, bütün bunları düşünürəm, özümü günahkar bilirəm. Vicdanım susmur hələ də…Birinci Qarabağ savaşının könüllüləri, döyüşçüləri ilə danışmışam nə qədər və dəhşətə gəlirəm. Bizi məhvə aparmaq istəyənlərsə dayanmır. Fransada, ya hardasa öz dövlətinə qarşı nəsə bir yazı çap etdirib sevinirlər. Bu qədər satqın olmaq mümkünmü? İnanmaq istəmir adam.

İmişlidə hadisə olub. Ölüm olub. Çox ağırdı. Hər iki sürücü günahkardır. Bunu dövlət sifarişi kimi təqdim etməyə çalışırlar. Hadisə yerindən çəkilişlər çıxdı qarşıma. Azyaşlılar maşını təpikləməyə başladı ilk öncə. Sonra bir- neçə adamın səsi gəlir”gedin … və “İstefa” səsləri. Ötən əsrin 90-cı illərini xatırladım. Az qaldı ürəyim dayana.

Dünyanın qarışıq vaxtında özümüzü-dövlətimizi qorumağın ən vacib məsələ olduğu vaxtda bunu təşkil edənlər təbii cəzalanmalıdır vətənə xəyanət etdiyinə görə. Elə bilirsiz onları xalq düşündürür? Qətiyyən! İlham Əliyevin qalib sərkərdə kimi sevilməsinə dözümsüzlük də göz qabağında. Məqsəd prezident də deyil. Onlar Azərbaycanın dağılmasına çalışırlar.

Özü də xüsusi söyüşçül dəstələri var, hədə-qorxu da gəlirlər.

Əsrlər boyu belələri olub. Ona görə Azərbaycanımın başı bəlalar çəkib. Amma biz xalqını, torpağını sevənlərin, canından keçənlərin sayəsində indi Azərbaycan kimi mövcuduq.

Mövcudluğumuzu qoruyaq!

Sadəcə susa bilmədim…