Elnur Uğur Abdiyev : - Bu dərd həm də bir qürurdur
Bu dərd həm də bir qürurdur
Bu acı həm də şərbətdir
Bilirsənmi,
Ölümlərin ən alisi,
Ən ucası Şəhadətdir!
Nə mutlu Türkəm deyənə,
Nə mutlu azadlığını ölümüylə bəsləyənə.
Sən daşa bax məzar üstə
Zaman durub sifətində.
Amma yeriyir altında,üstündə
Məkan,zaman
O ölməyib, dipdiridir.
Dünya başına dolanır,
Çox diri ölülər
Bax bu daşın kölgəsində daldalanır.
Bəzən ölüm nə qədər də acı olsa
Gözəlləşir gözümüzdə,
Könlümüzdə.
Bu ölüm bir Səadətdir.
Yollar keçir göz önündən,
Dəvə belli hürgüc- hürgüc yollar,yollar.
Bu yolların dəvə belinin altında
Gör nə qədər dəfn olunmuş
Sahibsiz ayaqlar var.
Şükür,şükür,min-min şükür!
Hər birisi bir yol olan
Oğul doğdun,Azərbaycan!
Bu gün zaman
Bax o yoldan
Addımlayır mətanətlə.
Odlar yurdum,Ana Vətən
Ayaqdadır illər öncə
Şəhadətlə,səadətlə.
Bu Şəhadət,bu səadət
Sədaqətdir!
O sədaqət bu baş daşı!
O səadət bu baş daşı!
O şəhadət bu baş daşı!
Qarşısında baş əymək də
Özü eşqə ibadətdir!