Ayaz Arabaçı : - ETDİM

Ədəbiyyat 15:07 / 20.01.2025 Baxış sayı: 350

 

Qoyub qabağıma bir gün özümü,

Nə ki söhbətim var üzbəüz etdim.

Könlümdən bir adam yıxılmaz daha,

Bütün yoxuşları düppədüz etdim.

 

Bu yağsız plovda nə duzum-dadım..

Yalançı şöhrətə büründü adım,

Əyər-əskiyimi töküb yamadım,

Köhnə astarımdan təzə üz etdim.

 

Oturmur dilimə köhnə bayatı,

İt yeməz sürdüyüm ucuz həyatı,

Qatıb-qarışdırdım riyaziyyatı,

Biri on elədim,onu yüz etdim.

 

İllər əsəbimi çəkdi tarıma,

Kölgətək sürünmək gəldi arıma,

Əlifba öyrətdim ayaqlarıma,

Yolları hər dildə tələffüz etdim.

 

Haraya baxırsan ölüm,qan,qada,

Ömürdü gec ya tez,gedəcək bada,

Baş aça bilmədim bu xarabada,

Nəyi səhv elədim,nəyi düz etdim..