Arzu Əsəd : - Heç günahınız yoxdurmu?

YAZARLAR 08:25 / 20.01.2025 Baxış sayı: 486

Elə iltifat və təkəbbürlə yazırsınız ki, Allah ölən aktrisanın günahlarını bağışlasın!

Maşallah, nə arxayın, özündənmüştəbeh, rahat adamlarsınız!

Heç günahınız yoxdurmu? Heç olməyəcəyinizi düşünürsünüz? Niyə ölənə, qalana baxıb öz günahlarınızın bağışlanmasını istəmirsiniz?Açıq-saçıq şəkilləri vardı, açıq-saçıq danışırdı. Aktrisa nə etməli idi ki? Durub hicabla deklamasiya deməli idi?

Yüz il qabaq səhnədə ilk aktrisanı bıçaqlayıb öldürən bu millət indi də onu belə mənəvi-psixoloji mənada cəhənnəmə vasil edir. Siz əgər günah anlayışına dini mənada yanaşırsınızsa, hazırda ən böyuk günahlardan birini edir, qeybət edir, peyğəmbərimiz demişkən, ölmüş qardaşınızın ətini yeyirsiniz. Yəni, hamınız cəhənnəmliksiniz, cəhənnəmliyik! Əxlaqdan az danışın!

Özünüzü ələ verirsiniz. Söz təkcə nəyinsə təsdiqi üçün deyilmir. Söz emosiyalardan, içində yaşaya, yaşada bilmədiyin duyğu və düşüncələrdən qaçışdır. Ona görə müdriklər deyir ki, " hər kişi dilinin arxasında gizlənir". Birmənalı şəkildə, əxlaqdan danısan, başqasına əxlaq dərsi deyən adam riyakar əxlaqsızdır

. Qoyun, bu qura bilmədiyimiz mənasız , mənəviyyatsız, başayaq cəmiyyətdə hamı kimi yaşam qayəsini itirmiş, kifayət qədər əzab cəkmiş qadın heç olmasa, torpağın altında rahat uyusun!