Adil Şirin : -ŞƏHİD GECƏYƏ ELEGİYA

Ədəbiyyat 20:46 / 19.01.2025 Baxış sayı: 508

 

20 Yanvar faciəsindən 35 il

keçir...

Qara bayraqdı göy üzü,

Qar üstündə qan izi...

Qaranlığı tapdalayır

Qanlı, yalın ayaqlar.

Ölüm çiçəyi açır,

Cadar-cadar torpaqlar.

Tank tırtılı altında,

İnləyir igid gecə.

Çiyin-çiyinə yeridik,

Ölümdən keçə-keçə.

Qara bayraqdı göy üzü,

Qar üstündə qan izi...

Çiyin-çiyinə yeridik,

Ay-ulduzlu bayraqların altında.

Eyni tale yazılmışdı

Hamımızın alnında.

* * *

Uçmaq üçün doğulmuşdu,

Bir qanadlı quş olmuşdu.

Qırıldı qolu, qanadı,

Dilində sözü qanadı.

Allah, kimindir bu uşaq?

Qançır-qançırdı dil-dodaq.

Qucaqlayıb nəm torpağı,

Gözləri elə bil oyaq.

Sinəsini deşib süngü,

Açılan lalədir sanki.

Göy üzü qürbətdi ona,

Ruhu canından sürgün.

On dörd-on beş yaşı olar,

Gözümdə göz yaşı olar.

İndən belə bu dünyada

Mələklərə qardaş olar.

* * *

Dağ başında günəş doğur,

Günəş doğur qan qırmızı.

Ana Vətən, Ana Vətən,

Özün sarı yaramızı.

Al qanımız halal olsun,

Yurdumun hər qarışına .

Şəhidlərimiz qaldırıb,

Günəşi dağ başına!

 

 

Paylaş