Aysel Xanlarqızı Səfərli : - Atammış xəzan…

Anam evimizdə tənha qalanda,
Biz durna köçündə dönmədik yazdan.
Atamın ömründə payız olanda,
Onda anladım ki, adammış xəzan…
Atammış xəzan…
İllər də köhnəldi köynəklər kimi,
Dar oldu əyninə yaşımız daha.
İndi bir ocaq yox, xatirələri
İçində yandırıb çıxaq sabaha,
qalxaq ayağa…
Nə o bağ qalıbdır, nə tut ağacı,
Çapığı dizimdə qoşa qoşadı.
İndi evimizdə darıxan anam,
Atamın şəkliylə eh, başbaşadı…
üzü qışadır…
Sabahı qorxudur yuxusuz gecə,
Allahın verdiyi nəfəs azalıb.
Daha qış fəslitək gecəmiz uzun,
Ömür gündüz kimi yaman qısalıb…
Atam evimizdən gedəndən bəri,
Dünya yetimxana , dünya boşalıb…