Zəka Vilayətoğlu -Tənhalıq gecənin alın yazısı
Tənhalıq gecənin alın yazısı,
Səssizlik sirr kimi dolar qəlbinə.
Arabir it hürər Aya, ulduza,
Xəyallar adamı çəkər dərinə!
Əsər səfil külək küçələr boyu
Gah sağa, gah sola vurar özünü
Əsər dayanmadan gecələr boyu,
Əbəs haldan salar, yorar özünü.
Gecə — səsi batmış adam kimidir,
Nəsə demək istər, səsi duyulmaz
Köhnə, sınıq, sökük bir dam kimidir,
Qoynunda kimsəsi, kəsi duyulmaz.
Gecə ulduzların, Ayın sirdaşı,
Nələr pıçıldayar, nələr danışar.
Gecə səhərlərin itmiş yaddaşı
Əriyər, zamana, vaxta qarışar!