SÜLEYMAN ABDULLADAN  İKİ  ŞEİR

Ədəbiyyat 10:00 / 19.06.2026 Baxış sayı: 529

YER SÖHBƏTİ

Öz ömrümü suya verdim bilmədən,

Mən zamanın bulandığı yerdəyəm...

Düzəngahı quru, dağı-daşı çən,

İlğımların sulandığı yerdəyəm.

 

Qorxunc nağıldakı yoxdan var biri,

Yaradan verdiyi bəxtdən yar biri...

Biri od olanda su olar biri,

Odun suya culandığı yerdəyəm.

 

İşi düşsün şərə, görüm, şər kəsin,

Kində dəvə, çarpışmada nər kəsin.

İlk və son bir rəqsi olur hər kəsin,

Ürəyimin qulandığı yerdəyəm.

 

MƏNƏM

Sən tanrıydın, mən də sənə yarıydım,

Yaralandım, doğma nədi, yad mənəm.

Var günümdə gözün üstə varıydım,

Dar günümdə unutduğun ad mənəm.

 

Adam gərək qoruya sol-sağını,

Qaragünlü çıxardandı ağını.

Sevinən kəs qəhr olanda yağını,

Olmayanda dost itkisi şad mənəm.

 

Daşmaq deyil məcrası daş çay olmaq,

Gündüz günəş, gecə batan ay olmaq...

Mümkündümü bu baylıqda bay olmaq,

O yaylıqda, o yazlıqda bad mənəm.

13.06.2026