Yumorlu kəlamlar -Fərhad Tapdıqoğlu
Bir az da təbəssüm.
Qadınlar həyat yoldaşları çox içməsinlər deyə bayram günləri "gücləndirilmiş iş rejimində " işləyirlər.
=
Bir var intellekt səviyyəsi,dünyagörüşü,mədəniyyəti yüksək olan məşhur adam.
Bir də var "ala itdən məşhur adam"...
=
Adam var ki, danışığını dinlədikcə ,"ağzını burun dəsmalı " ilə sildiyinə tam əmin olursan.
=
"Vay-fay "olan evdə evin kişisi işdən gələndə bəzən " vay-vay " da olur.
=
Arvad ərini tez-tez divara dırmaşdırsa da,ərinə "alpinist" deyil,evin kişisi deyirlər.
=
Əkəndə məzuniyyətdə,biçəndə ezamiyyətdə,özünü yeməyə çatdıra bildi.
P.S."Əkəndə yox,biçəndə yox,yeyəndə ortaq qardaş " məsəli.
=
Ağzından süd iyi gələn uşaqlar...
Ağzından "malış" iyi gələn uşaqlar...
=
Həyət bacası pis gündə , it yalı belə bişirməyi bacarmayan natəmiz arvadların kişiləri darvazalarından at nalı da asırlar.
=
Ölçüsündən asılı olmayaraq ayaqlar yekə başları,"yekəbaşları" gəzdirməyə məhkumdurlar.
=
Artıq şairlərdən də "keysəriyyə " əməliyyatı ilə şeir "doğanlar" var...
=
Bir nəfər deyirdi:
"Ayaqlarım yanımdaykən gedib mağazadan bir cüt ayaqqabı alım".
=
Həm balqabaqlar ( boranılar),həm də "balqabaq " adamlar moddadırlar,"xod " gedirlər
=
"Ölənlər dirilməz" bu belədir,"gülməkdən ölənlərdən " başqa...
P.S."Gülməkdən ölmüşdüm" deyimi yadıma düşdü...
=
Hər çapıb talayan məmurun arxasında bir korrupsioner "dayı" durur.
=
Düz əməlli olmayan birisi araqdan" bəs qədər vurub ,düz paya kimi" durub ,düz yolu düz gedə bilmədi.
=
Korrupsionerləri cəzalandırmaq effekt verməyəndə ,onları mükafatlandırmaq lazımdır ki, bəlkə xəcalət çəkib,düz yola qayıdalar....
( Belə hallar tez-tez olur bizdə)
=
Məmurlar quda təhlükəsizliyini önə çəkərək,qida təhlükəsizliyini arxa plana sıxışdırırlar...
=
Qonaq sevməyən insanların evlərinin qapısını tıqqıldadanda ürəkləri guppuldayar.
=
Evdə arvadının axmağı,
Göldə kişilərin yanında yaxmağı...
=
Ərini arvad saxlar?
Saxlasa "bərbad" saxlar...
=
Piyada ,yəni ayaqları ilə getdiyi yolla ,"ayaqyolunun " fərqini anlamayan var birisi...
=
Torpağa sanki təpinib deyiblər:
"Sürüş burdan"...
P.S."Sürüşmə zonasını" düşünərkən...
=
"Qəpiyə güllə atırmış "ki, yığdığı manatlara, dollarlara,avrolara yaxın gəlməsin...
=
"Hər şeyin təzəsi, tostun köhnəsi":
"İçək bu badələri içməyənlərin sağlığına"...
=
Əvvəllər deyərdilər ki,"filankəs at oynadır"...
İndi isə "maşın oynadırlar"...