Şakir Xanhüseyn - götür öz boynuna tax o çələngi
Ədəbiyyat
16:52 / 30.05.2026
Baxış sayı: 332
götür öz boynuna tax o çələngi,
bir fərman imzala öz barəndə sən;
üzünə yayılsın bir işıq-sevgi
nəfəsini alıb hər verəndə sən...
sanasan bir ümid döyür qapını,
üstünə nur gəlir qatı zülmət də...
axtarıb durasan: kədərim hanı?
görəsən min olmuş ovcunda bir dən...
görəsən pəncərən hər gözəlliyə
açılmış bir gözdü heç qırpılmayan...
görəsən tutardı dərd də ürəyə,
bir ağ yol uzanır- sonu olmayan...
onda barmağını dişləyəsən ki,
çəkdiyim acılar buna görəymiş:
onda anlayasan, hisslərini kim
kökləmiş kədərə, bica yerəymiş...