Əşrəf Veysəlli - QOCANIN ÖMRÜ
Qarlı çağlarında barlı bağlara
Bürüncək ömrüymüş qocanın ömrü.
Xəyalım hey məni çəkir dağlara,
Ərincək ömrüymüş qocanın ömrü.
O ki kövrəklikdə bir himə bəndmiş,
Bağlı qapıları “ Simsim” ə bəndniş.
Nə sümükdən sümük, nə ətdən ətmiş,
Xəmirçək ömrüymüş qocanın ömrü.
Qəlbi yağmalanmış yurdu kimiymiş,
Qəddi bükcələnmiş dərdi kimiymiş,
Bir az da barama qurdu kimiymiş,
Hörümçək ömrüymüş qocanın ömrü.
Yanıb ömür adlı bir bağın üstdə,
Əsib hər çiçəyin, yarpağın üstdə.
Su deyib inləyən torpağın üstdə
Bir çiçək ömrüymüş qocanın ömrü.
Bu necə yaşayış, bu necə gündür,-
Ovcu odun kimi düyün- düyündü.
Keçmişi keçmişdir, indisi indi.
Gələcək ömrüymüş qocanın ömrü.
Qızarmış gözləri qanın şəklim?
Hər günün, saatın, anın şəklimi?
Zaman bir rəssammış “ mənim şəklimi
gəlim,çək” ömrüymüş qocanın ömrü.
2015- ci il