Aida Adıgözəl - Gediş

Ədəbiyyat 22:31 / 30.05.2026 Baxış sayı: 215

 

Gedəcəyəm bu şəhərdən bu gecə,

bəlkə elə indi, indi, indicə.

Düşünürəm ovucumda saçlarım

qayıtmayım bu şəhərə ölüncə.

 

Qayıtmayım, dalımca at qara daş,

nə dost tapsın məni, nə qohum-sirdaş.

Elə gedim izlər özün itirsin

yollar da karıxsın, qalsınlar çaş-baş.

 

Yollar də karıxsın itən kölgəyə,

bu qəfil gedişə, çarpaz döngəyə.

Saralsın gözlərin kökü həsrətdən

ümidlər üzülsün, dönə, dönməyə.

 

Ümidlər üzülsün, sən şəhərlə qal,

boğazını sıxan küt qəhərlə qal.

Axtarsın gözlərin küçəbəküçə

gedim! Sən açılmaz bu səhərlə qal