Firidun  Ağazadə  - Meteohəssas şeir

Ədəbiyyat 17:39 / 30.05.2026 Baxış sayı: 322

 

Səs eşitdim... həm səs idi, həm qeyri-səs...

M. Araz

 

 

Sən bir qeyri-sabit hava,

Qoymazsan ki sevim səni.

Şeyda-şeyda günlərimi

Ayağına səpim sənin.

 

Sən bir qeyri-sabit hava,

Mən də bir az qeyri-adi.

Gecikmiş sevgi yaşadıq,

İradi, qeyri-iradi...

Sən bir az qeyri-səlissən,

Mənim də halım qeyridi.

Otuz il sonra qovuşan

Sevgilər qeyri-sevgidi.

Adı gizlin, gecə yarı

Bu zəngini necə yozum?

Umayra xanım nə deyir –

Nədir hava proqnozu?

Sən bir qeyri-sabit hava,

Bu halını sevirəm mən.

Qeyri-səslə bu danışan

Həm sən idin, həm qeyri-sən.

Heç bilmirəm, bu istəyin

Kim düzüdür, kim əyrisi.

Bakıdan xəbər gətirməz

“Badi-səbadan qeyri”si.

Bakıda qeyri-iş günü,

Amsterdamda gecə yarı.

Sən yatırsan indi yəqin,

Yuxuda gör məni barı.