Yeni radio fəaliyyətə başlayır

MƏDƏNİYYƏT 18:14 / 05.04.2024 Baxış sayı: 4883

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmiş, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan olunub.

Şuradan Yenises.az-a bildirilib ki, ilk olaraq müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər.

İclasın sonunda müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı - "Sağlam Media" MMC (radio redaksiyanın adı "Sağlam Radio") qalib elan olunmuş və müsabiqə üzrə yekun qərar verilib.

Qəbul edilmiş qərara əsasən Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.0 MHs, Ağstafa rayonu ərazisindəki "Poylu" RTYS-dan 105.7 MHs, Quba rayonu ərazisindəki "Dağlı" RTYS-dan 104.7 MHs, Şirvan şəhəri ərazisindəki "Şirvan" RTYS-dan 104.5 MHs radiotezlikləri "Sağlam Radio" kanalının yayımı üçün "Sağlam Media" MMC-nin istifadəsinə ayrılıb.