Yenə bazar günüdür, sənə gəldim, dənizim...

Ədəbiyyat 08:40 / 06.07.2026 Baxış sayı: 360

 

Sonsuzluğun kənarında durub sənə baxıram və anlayıram ki, biz sadəcə zamanın ləpələrində yellənən kiçik qum dənələriyik. Ürəyimdə keçmişin ağır sükutu, ruhumda isə dərin fəlsəfən. Bu gün sənə tək bir ayrılığın acısını gətirməmişəm, həm də varlığın, yoxluğun, fəsillər kimi dəyişən insan ömrünün suallarını gətirmişəm. Bax, günbatımı yaxınlaşır. Səma al qırmızı, bənövşəyi şəfəqlərə bürünür, günəş yavaş-yavaş sənin sularına enir. Bu bir son deyil, dənizim, bu sadəcə hər şeyin öz başlanğıcına qayıtmasıdır. Həyat da belədir; bəzən batmaq lazımdır ki, yenidən doğulmağın əzəmətini dərk edəsən.

Həsrət bizə uzaqları sevməyi öyrədir, ayrılıq isə öz daxilimizə boylanmağı. Mən sənin dalğalarında öz itirilmiş zamanımı, sən isə mənim gözlərimdə öz göy üzünü axtarırsan. İndi günəşin son şəfəqləri sularında əriyir, qaranlıq yavaş-yavaş kainatı bürüyür. Amma bu qaranlıq məni qorxutmur. Çünki bilirəm ki, suların nə qədər dərindirsə, dibində gizlətdiyin işıq da bir o qədər parlaqdır. Bu günün batışı, sabahın müjdəsidir.

Və sabah... Sabah o uzaq üfüqdən, sənin o təmiz, mavi qoynundan yeni bir günəş doğacaq. Şəfəqləri sularını yenidən isidəcək, qaranlığı boğub dünyaya ümid paylayacaq. O doğan günəşlə bərabər içimdəki bütün ağrılar da bir anlıq duman kimi dağılacaq. Anlayıram ki, heç bir gecə əbədi deyil, heç bir qaranlıq işığın qarşısını kəsə bilməz. Ruhum bu ümidlə dolur, suların təmizləyir məni, dalğaların isə gələcəyin nəğməsini pıçıldayır.

Mən gedirəm, mənim müdrik sirdaşım. Amma bu dəfə qəlbimdə kədər yox, sabahın işığına olan inam var. Sən bu gecə o ümidi öz qoynunda bəslə, qoru. Gələn bazar günü... Yenə eyni saatda, yenə eyni sahildə, yeni bir ümidlə görüşərik, dənizim...

Sevil Azadqızı

05.07.2026