Xeyirbəy Qasımov: - Yorulmaz araşdırıcının növbəti monoqrafiyasına dair

Elm 08:24 / 26.07.2022 Baxış sayı: 1908


Əslən şuşalı olan tarix üzrə fəlsəfə doktoru Yunis Rza oğlu Hüseynov Qarabağın və Qarabağ xanlığının ictimai-siyasi, iqtisadi, mədəni tarixi ilə bağlı olan yeddi monoqrafiyanın, bir çox dəyərli elmi məqalənin müəllifidir. O, "Qarabağnamə” adlanan, 2022-ci ildə Bakıda, "Füyuzat” nəşriyyatında nəşr olunmuş, 120 səhifədən ibarət olan yeni monoqrafiyasını Mirzə Camal bəy Məhəmməd xan oğlu Cavanşir Qarabağinin "Qarabağ tarixi” əsəri və digər mənbələr əsasında yazmışdır. Qeyd edək ki, Mirzə Camal bəy Məhəmməd xan oğlu Cavanşir Qarabaği (1773-1853) "Qarabağ tarixi” əsərini 1847-ci ildə fars dilində diqtə edib yazdırmış, həmin əsər 1855-ci ildə rus dilində "Kavkaz” qəzetində nəşr olunmuşdur. 
Y.R.Hüseynov yeni monoqrafiyasının yazılmasının və nəşr olunmasının əsas səbəbini bu cür izah etmişdir: "2022-ci ilin  Azərbaybaycan Respublikasında "Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2022-ci il yanvar ayının 5-də verdiyi Fərmanı xalqımızın hədsiz sevincinə səbəb olmuşdur. Bu münasibətlə həmyerlim, Şuşa musiqisi tarixində xüsusi xidmətləri olan tarzən, pedaqoq, səmimi insan Rəsul Mikayıl oğlu İsmayılov məndən xahiş etdi ki, "Şuşa ili”nə həsr olunmuş yeni bir əsər yazım. Mən onun xahişini nəzərə alaraq yeni "Qarabağnamə” əsərini yazmağı dostuma söz verdim” (s. 3). Y.R.Hüseynovun nəşr olunmuş yeni əsərinin redaktoru və rəyçisi tarix üzrə elmlər doktoru, BDU-nun professoru Zabil Həsrət oğlu Bayramovdur. Bu əsərə tarix üzrə elmlər doktoru X.S.Qasımov və tarix üzrə fəlsəfə doktoru B.O.Əziz də müsbət rəy vermişlər. Fikrimizcə, Azərbaycanın əzəli və əbədi, dilbər guşələrindən olan, təqribən son 30 il ərzində erməni işğalına məruz qalmış Qarabağın tarixi ilə bağlı olan elmi əsərlərin yazılması, nəşri daim aktualdır. Bu məqamda 1784-cü ildə Şuşada anadan olmuş və 1857-ci ildə bu məkanda dünyasını dəyişmiş görkəmli Azərbaycan şairi Qasım bəy Əlibəy oğlu Cavanşirin (Zakirin) Rusiya imperiyasının məmurlarının, bu imperiryaya can-başla xidmət etmiş Azərbaycan bəylərinin və ruhanilərinin kəskin tənqidinə həsr olunmuş satirik şeirlərini xatırlamamaq qeyri-mümkündür. O, sərt, realist şeirlərinə görə rəsmi imperiya dairələri tərəfindən daim tənqid olunmuş, 1849-cu ildə Bakıya sürgün edilmiş, oğlu Nəcəfqulu və qardaşı oğlu İsgəndər bəy Rusiyaya sürgün olunmuş, özü isə bir neçə ay Bakı sürgünündə qaldıqdan sonra yaxın dostlarının və xüsusilə M.F.Axundovun səyləri nəticəsində Şuşaya qayıtmış, ömrünün sonuna qədər burada ehtiyac içində yaşamışdır. Qeyd edək ki, Qasım bəy Zakirin "Xəbər alsan bu vilanın əhvalın, bir özgədir keyfiyyəti - Qarabağ” şeiri öz aktuallığını XXI əsrin 20-ci ilinin sonunadək itirməmişdi... 2020-ci ilin noyabr ayının 8-də dövlət başçımızın, şanlı Azərbaycan Ordusunun sarsılmaz iradəsi, birliyi, qardaş Türkiyənin böyük mənəvi dəstəyi sayəsində möhtəşəm Şuşa şəhəri erməni işğalından azad olunmuşdu. Bu məqamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi: "8 noyabr 2020-ci il. Bu tarixi bir gündə Azərbaycan xalqına müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərdən biridir... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabaş bizimdir! Q!arabağ Azərbaycandır!” (https://prezident.az.articles45756). 2021-ci ilin yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə azad olunmuş Şuşa şəhərinə gəldi və burada üçrəngli dövlət bayrağımızı ucaltdı.
Y.R.Hüseynovun 2022-ci ilin əvvəllərində nəşr olunmuş "Qarabağnamə” əsərini qeyd etdiyimiz son möhtəşəm hadisələrin əks-sədası kimi dəyərləndirmək olar. Vətənpərvər tarixçimizin bu əsərində Qarabağın tarixi, Qarabağ xanlığının yaranması, təkamülü, qədim yaşayış yerləri, bu xanlığın sərhədləri, çayları, adət və ənənələri, Qarabaş xanlığının Qacarlar məmləkəti, xanlığın Rusiya imperiyası ilə və digər qonşu dövlətlərlə münasibətləri 17 fəsil üzrə qısaca şərh olunur. Y.R.Hüseynov əsərin "Xudafərin körpüləri” adlanan qismində yazmışdır: "Ermənilər bu əraziyə XIX əsrin əvvəllərində gətiriliblər. Həmin dövrlər ərzində Azərbaycan ərazisində onların yalnız torpaq əldə etməkdən başqa heç bir izi qalmayıb” (s. 108-109). Vətəni olmayan erməniləri Azərbaycan ərazisinə gətirən, onları bu ərazinin ən məhsuldar hissələrində yerləşdirən, onları təqribən üç əsr ərzində dəstəkləyən siyasi qüvvənin Rusiya, Sovet imperiyası olduğunu isə tarixdən xəbəri olan hər bir şəxs bilir. 
Monoqrafiyanın "Hay ünsürlərinin Qarabağa köçürülməsi” adlanan XVII bölümündə (s. 112-117) ernənilərin Şimali Azərbaycan ərazisinə, xüsusilə bərəkətli Qarabağ bölgəsinə köçürülməsindən bəhs olunmuşdur. Bu bölümün əvvəlində Y.R.Hüseynov A.S.Qriboyedovun və N.N.Şavrovun ermənilərlə bağlı olan, Rusiya rəsmi dairələrini duyuq salan, "perspektiv və sərfəli olan” fikirlərini də təqdim etmişdir.
Y.R.Hüseynovun bu əsərinin 116-cı səhifəsində bizi razı salmayan bircə fikri xatırlatmamaq olmaz: "Yeri gəlmişkən, deyim ki, Rusiya imperiyası ilə İran arasında müharibələr olmasaydı, nə Qarabağ, nə də İrəvan torpaqlarında ermənilər də olmazdı. Eyni zamanda həmin sözləri Rusiya və Osmanlı Türkiyəsi arasında gedən müharibəyə də aid etmək olar” (s. 116). Fikrimizcə, bu məqamda monoqrafiya müəllifi yalnız səmimi, saf duyğularının təsiri nəticəsində tarixçi olduğunu "unudub”... Qeyd edək ki, tarixçinin başlıca vəzifəsi artıq keçmişdə baş vermiş obyektiv hadisə və prosesləri araşdırmaqdır, "ola biləcəkləri” təxmin etmək isə tarixçinin əsas borcu, vəzifəsi deyil... Rusiya imperiyasının, Sovet dövlətinin Azərbaycanın qərb qismi hesabına formalaşdırdıqları, qurduqları "Ermənistan Respublikası”nın  taleyi isə obyektiv hadisə və proseslərin gələcək axarından asılıdır.
Fikrimizcə, Yunis Rza oğlu Hüseynovun nəşr etdirdiyi, yeni XXI əsr ruhunda yazdığı "Qarabağnamə” kitabı Azərbaycanın, onun Qarabağ bölgəsinin tarixi ilə maraqlanan oxucuların böyük marağına səbəb olacaq, Qarabağla bağlı olan yaddaşımızı təzələyəcək. Təcrübəli tarixçimiz Y.R.Hüseynova isə bu istiqamətdəki gələcək araşdırmalarında uğurlar diləyirəm! 

Xeyirbəy Qasımov
AMEA-nın A.A.Bakıxanov adına 
Tarix İnstitutunun baş elmi işçisi,
tarix üzrə elmlər doktoru, dosent