Elnur Uğur Abdiyev - Tanrı yeri sevgi xalısı toxuyub
Tanrı yeri sevgi xalısı toxuyub sərib ayaqlarımıza.
Naxışlara bax
Biri lalə,
Biri yasəmən,
Biri zanbaq.
Eşit, bu dünyada təkcə sevgi qalacaq.
Gedəndə
Nə var soyunacaqsan bədəndən.
Tək sevgin gedəcək getdiyin yerə.
Eh,göz görə- görə
Bu qədər nifrəti varkən adamın adama
Yaşamaq yapışmasa da.
Yaşamaq istəyirəm
Yaşamı gözdən salanların acığına.
Hər gecənin sabahına
İnanmaq
Özünə güvənməkdi.
Özünə güvənmək
Səni var edəni sevməkdi.
Niyə də sevməyim?
Bu boyda cahan mənə xidmətdə.
Mən qəflətdə
Yata bilmərəm.
Hər gün bu xalının üstündə neçə ilmə sökürəm
Bir o bilir,bir də...
Allahın sevgisi olsun yerdə
Yeri böyüdənlərə.
Yer böyüyürsə
Yerə
Sevgi yağır yağış əvəzi.
Susur güllələr,
İntihar edir raketlər.
Təyyarələr adam daşıyır,silah yox.
Sevgi olan yerdə Allah var,günah yox!