Əlizadə Nuri - Ağrı

Ədəbiyyat 10:46 / 11.10.2026 Baxış sayı: 617

 

Göydən təzə qəm istədim,

O mənə nimdaşı verdi.

Ev tikməyə daş istədim

Başıma baş daşı verdi.

Bir sərçəyə dən istədim,

Bir bütöv Vətən istədim.

Yaxşı bir düşmən istədim

Pis qohum-qardaşı verdi.

Tək qalanda çağır dərdi

Uzaq dərdi, yaxın dərdi.

Könlümə ən ağır dərdi

Könlümün sirdaşı verdi.

Bura şeytan dərəsidi,

Bu ki, iblis mərəzidi.

Bu nə mizan- tərəzidi

Bunu hansı naşı verdi?

Göndərdi zəli üstünə,

İşin əngəli üstünə.

Min nəfər dəli üstünə

Məni də minbaşı verdi...