Əşrəf Veysəllidən İKİ ŞEİR
Qocanın ömrü
Qarlı çağlarında barlı bağlara
Bürüncək ömrüymüş qocanın ömrü.
Xəyalım hey məni çəkir dağlara,
Ərincək ömrüymüş qocanın ömrü.
O ki,kövrəklikdə bir himə bəndmiş,
Bağlı qapıları "Simsim"ə bəndmiş.
Nə sümükdən sümük, nə ətdən ətmiş ,
Xəmirçək ömrüymüş qocanın ömrü.
Qəlbi yağmalanmış yurdu kimiymiş,
Qəddi bükcələnmiş dərdi kimiymiş.
Bir az da barama qurdu kimiymiş,
Hörümçək ömrüymüş qocanın ömrü.
Yanıb ömür adlı bir bağın üstə,
Əsib hər çiçəyin ,yarpağın üstə.
Su deyib inləyən torpağın üstə,
Bir çiçək ömrüymüş qocanın ömrü.
Bu necə yaşayış,bu necə gündür-
Ovcu cadar-cadar ,düyün-düyündür.
Keçmişi keçmişdir ,indisi indi,
Gələcək ömrüymüş qocanın ömrü.
Qızarmış gözləri -qanın şəklimi,
Hər günün,saatın ,anın şəklimi?
Zaman bir rəssamdır,"Mənim şəklimi
Gəlim,çək" ömrüymüş qocanın ömrü.
18.08.2015
Neçə ki,gənc idim
Neçə ki,gənc idim ,elə bilirdim
Fələyin özüylə döyüşə billəm,
Əsən küləklərin ,coşan sellərin
Səmtini,yönünü dəyişə billəm.
İndi bir qocayam, torpaq müştəri,
Torpaq hər yetənə kəfənlik olmur.
Qalır bu dünyaya mənim işlərim,
Dünyanın işləri ta mənlik olmur.
2015