"Şahənşah"-da Ədəbi  Məclis

MƏDƏNİYYƏT 20:36 / 05.10.2026 Baxış sayı: 208

Oktyabr ayının 4-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı, möhtəşəm görünüşü ilə şəhərə gözəllik verən "Şahənşah" restoranında keçirildi.Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, AYB və AJB- nin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı.

Öncə məclis iştirakçılarını salamladı və tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu iştirakçıların nəzərinə çatdırdı. Yığıncaqda ilk olaraq söz məclisdə ilk dəfə iştirak edən, AYB- nin üzvü, "Aşıq Pəri" məclisinin sədr müavini, çox istedadlı şair Südabə İrəvanlıya verildi. Şair belə bir məclislərin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd elədi və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra söz "Sarı Aşıq" Ədəbi Məclisinin sədri, tanınmış şair, təcnis ustası, AYB- nin üzvü Adil Cəfakeşə verildi. O da məclisə xeyir- duasını verəndən sonra şeirlərindən səsləndirdi.

Məclisdə şirin ləhcəsi ilə, hər kəsin könlünü oxşayan, Xəzər bölməsinin üzvü tanınmış şair- qəzəlxan Əşrəf Pirşağılıya söz verildi.O da kövrək duyğularla yazdığı qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra söz dəyərli insan, iki "Divan" müəllifi, tanınmış bəstəkar, şair- qəzəlxan Hüseyn Sözlüyə verildi. Qocaman şair ədəbiyyatda keçdiyi həyat yolundan danışıb, qəzəlllərindən bir neçəsini səsləndirdi. Şairlər belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən, poeziyada olan nöqsanlardan, sözün mədəni inkişafımızda əhəmiyyətindən danışdılar. Məclisdə hər misra sətir- sətir təhlil edildi.

Şeirlərin müzakirəsində hər bir şair yaxından iştirak elədi. Şairlərin səsləndirdiyi şeirlərdən, maraqlı müzakirələrdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi.

Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.