Xeyirbəy Qasımov, tarix elmləri doktoru, dosent: - Fədakar və təvazökar alimin yeni monoqrafiyası

Elm 09:50 / 22.07.2022 Baxış sayı: 1856


 Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru Nazim Rəhbər oğlu Məmmədov Vətən tarix elmində özünün bənzərsiz dərin izini salmış, hədsiz vətənpərvərliyi, təvazökarlığı, məhsuldarlığı, fədakarlığı ilə fərqlənən araşdırıcılardan biridir. Onu ötmüş əsrin 90-cı illərinin ikinci yarısından daha yaxından tanımağa başlamışam. N.R.Məmmədovu tanımağa başladığım məqamdan "Azərbaycanın Qarabağ bölgəsi tarixinin yorulmaz araşdırıcısı” kimi dəyərləndirmişəm. Zənnimin məni aldatmadığını N.R.Məmmədovun son 20-25 il ərzində yazıb nəşr etdirdiyi 200-dən artıq əsəri də təsdiq edir.
N.R.Məmmədovla hər dəfə görüşəndə xalqımızın "Qarabağsız bir gün də yaşamadım” fikri, deyimi yadıma düşür. Ötmüş əsrin sonlarında itirilmiş Qarabağ bölgəsinin 2020-ci ilin sonlarına doğru erməni işğalından azad olunması xalqımızın təqribən 30 il çəkmiş həsrət hissini vüsal duyğusu, sevinci ilə əvəz etdi. "Ələmdən nəşəyə” (mərhum şairimiz S.Rüstəmin ifadəsidir – X.Q.) aparan bu keçid məqamında N.R.Məmmədov yeni bir monoqrafiyasını da yazdı və nəşr etdirdi: "İkinci "Qarabağ müharibəsi: Zəfər salnaməsi”. Bakı: "Optimist” MMC Çap Mərkəzi”, 2022, 464 s. 2022-ci ilin əvvəllərində əziz dostumuz, dəyərli, vətənpərvər tarixçimiz Nazim Məmmədov AR Prezidenti İ.H.Əliyevlə eyni vaxtda artıq azad olunmuş, yenidən bərpa edilən Şuşa şəhərini ziyarət etdi və bu ziyarət öz əksini fotoşəkillərdə də tapdı.
N.R.Məmmədovun "İkinci Qarabağ müharibəsi: Zəfər salnaməsi” adlanan, 24 fəsildən ibarət olan monoqrafiyasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Azərbaycan ordusunun, xalqımızın sarsılmaz iradəsi, birliyi və qardaş Türkiyə Cümhuriyyətinin böyük mənəvi dəstəyi ilə 44 gün davam etmiş II Qarabağ müharibəsində qazanılmış tarixi qələbədən bəhs olunur, Qarabağın işğaldan azad olunmasının ölkə, region və dünya üçün əhəmiyyəti qeyd edilir, Azərbaycan oğullarının keçdikləri şanlı döyüş yolu izlənir, 10 noyabr 2020-ci il tarixində imzalanmış  "Şuşa Bəyannaməsinin” əhəmiyyəti qeyd edilir, "Xarı bülbül” festivalının təsnifatı təqdim olunur, müharibədən sonrakı dövrdə Azərbaycan Respublikasının Qarabaş bölgəsində başlanmış ilkin bərpa, tikinti, quruculuq tədbirləri işıqlandırılır.
Monoqrafiyanın "Giriş” qismində (s. 11-24) müəllif özünün "mötəbər tarixi mənbələr birmənalı şəkildə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, ermənilərin bölgəyə XIX əsrin əvvəllərində məqsədli şəkildə köçürülməsi faktını sübuta yetirir” (s. 11) müddəasını danılmaz tarixi dəlillərlə əsaslandırır. Əsərin I fəslində (s. 25-36) İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin səbəbləri nəzərə çatdırılır və əhəmiyyəti qeyd olunur. Monoqrafiyanın II fəslində (s. 37-50) strateji əhəmiyyətli Suqovuşanın azad olunmasından, III fəslində (s. 51-64) Murov zirvəsindən gəlmiş zəfər müjdəsindən, IV fəslində (s. 65-78) II Qarabağ müharibəsində Cəbrayıl rayonunun rolundan, V fəslində (s. 79-91) Füzuli rayonunda tarixi ədalətin bərpa olunmasından, VI fəslində (s. 92-103) "Tərtərdə Ermənistanın terror ölkəsi olduğunun təsdiq olunmasından”, VII fəslində (s. 104-119) Xocavənddə əldə olunmuş mükəmməl qələbədən və amansız erməni vandalizmi faktlarından, VIII fəslində (s. 120-130) Zəngilanda qazanılmış tarixi qələbədən və kütləvi erməni terroru faklarından bəhs edilir.
Monoqrafiyanın IX fəslində (s. 131-141) Azərbaycan Respublikasının Gəncə və Bərdə şəhərlərinə Ermənistanın terrorçu hücumlarından, X fəslində (s. 142-153)  Qubadlının erməni işğalından azad olunmasından və erməni vandalizmi faktlarından, XI fəslində (s. 154-168) azad olunmuş Şuşa şəhərindən , XII fəslində (s. 169-175) 10 noyabr 2020-ci il Bəyannaməsindən və bu tarixi sənədin mahiyyətindən, XIII fəslində (s. 176-189) Ağdamın işğaldan azad olunmasından və ermənilərin bu bölgə ərazisində diqqəti cəlb edən dəhşətli vandalizm faktlarından, XIV fəslində (s. 190-207)  Zəngəzurun altun tacı olan Laçının erməni işğalından azad olunmasından və burada diqqəti cəlb edən vandalizm faktlarından, XV fəslində (s. 208-217) Azərbaycanın "İsveçrəsinin” - Kəlbəcərin erməni işğalından azad olunmasından, XVI fəslində (s. 2018-237) böyük zəfərin cəsur qəhrəmanlarından, XVII fəslində (s. 238-260) Zəngəzur dəhlizindən və onun tarixi əhəmiyyətindən, XVIII fəslində (s. 261-272) "Şuşa Bəyanaməsi”nin tarixi əhəmiyyətindən, XIX fəslində (s. 273-279) "Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuş Şuşa şəhərində keçirilmiş "Xarı bülbül” festivalının əhəmiyyətindən bəhs edilir.
N.R.Məmmədovun bu əsərinin "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir” adlanan XX fəslində (s. 280-300) H.Ə.Əliyevin Şuşaya qəlbən bağlılığını təsdiq edən fikri də nəzərə çatdırılmışdır: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”  (s. 280). Əsərin Füzuli hava limanına həsr olunmuş XXI fəslində (s. 301-314), "Möhtəşəm Zəfərin davamı: Qarabağın bərpası” sərlövhəsi daşıyan XXII fəslində (s. 315-371) II Qarabağ müharibəsindən sonra bölgədə başlanmış ilkin bərpa, quruculuq işlərindən bəhs olunur.
N.R.Məmmədovun monoqrafiyasının XXIII fəsli (s. 372-381) Azərbaycan Respublikası və İran İslam Cümhuruyyəti arasında imzalanmış Kommunikasiya əlaqəsi haqqında Anlaşma Memorandumunun təhlilinə həsr edilmişdir. Əsərin XXIV fəslində (s. 382-409) tərtib olunmuş cədvəllər əsasında Azərbaycan Respublikasının apardığı 44 günlük II Qarabağ müharibəsinin qısa xronologiyası təqdim edilir. Rus və ingilis dillərində təqdim edilmiş xülasələr (s. 410-437) bu monoqrafiya ilə bağlı olan aydın təsəvvürün yaranmasına yardım edir. Fikrimcə, N.R.Məmmədovun bu monoqrafiyası  II Qarabağ müharibəsinin tarixi ilə bağlı olan araşdırmaların intensivləşməsinə mühüm təkan verəcək.
"Hörmətli qardaşlarıma sağlam ömür arzusu” ilə yaşayan, elmi araşdırmalardan usanmayan, "Vətən qarşısında daim borclu olduğunu” söyləyən tarixçi  dostum Nazim bəyə hər şeydən öncə cansağlığı, uzun ömür, elmi yaradıcılıq sahəsində isə yeni uğurlar arzulayıram!
Xeyirbəy Qasımov
AMEA-nın A.A.Bakıxanov adına
Tarix İnstitutunun baş elmi işçisi,
tarix elmləri doktoru, dosent