Yarpaqlar tökülməyə məhkumdur, payızsa bəhanədir...

YAZARLAR 09:48 / 11.10.2026 Baxış sayı: 1051

 

Oktyabr ayının onudur. Çöldə leysan yağışdır.

Yenə pəncərəmə payızın soyuq nəfəsi toxunur və əlimdə isti çay fincanı, mən yenə səni düşünürəm. Əslində, bilirəm, payız da bir bəhanədir kövrəlməyə, darıxmağa... Çünki yarpaqlar onsuz da tökülməyə məhkumdur, bu fəsil isə sadəcə bir bəhanədir. Təbiət saraldıqca, sanki içimdəki köhnə xatirələr də rəngini dəyişir. Göylərdən yağan bu narın çiskin yağış, yoxsa mənim nəmli gözlərimin qaranlıq künclərindən süzülən bir damla yaşdır?

Payız da bir bəhanədir oturub ağlamağa, ötən günləri bir anlıq da olsa vərəqləməyə, keçmişin sönməyən ocağında korun-korun yanmağa.

Bu mövsüm sadəcə fəsillərin dəyişməsi deyil; ruhun özünə qayıtması, öz içində itməsidir. Yarpaqlar budaqlarından qopanda yerin cazibəsinə yox, zamanın amansız hökmünə tabe olur. Onlar zatən getməyə məhkumdur, sadəcə ayrılığın adını payız qoyuruq. Biz də eləcə... Zamana məğlub olan sevgilər kimi, hər payız bir az daha torpağa, bir az daha kökümüzə yaxınlaşırıq. Payız bir bəhanədir sənə nə isə demək üçün, bəlkə də heç vaxt çatmayacaq mesajların, məktubların sətirlərində səni bir də sevmək üçün. Hərdən bu soyuq küləklərdən küsüb getmək, hərdənbir də heç nə olmamış kimi özümüzlə barışmaq üçün...

Haradan tapdı bu kədər məni? Bu sualın cavabı yoxdur. Səssizlik ruhun ən dərin qatlarında elə bir səs çıxarır ki, insan öz sükutunda boğulur. Neynim indi?! Bu tökülən yarpaqların, bu bozaran göylərin qarşısında acizəm. Amma bilirəm ki, varlığın da, yoxluğun da bəşəriyyətin böyük bir harmoniyasıdır. Hər tökülən yarpaq, əslində, gələcək çiçəklərin gizli vədidir. İndi bütün budaqlar soyunsa da, ruhum qarın altından boylanacaq o ilk qardələni — ümidlə gələn baharı gözləyir. Çünki bilirəm ki, bu fəsil əbədi deyil və bu bəhanəylə yazılan yazılarda, şeirlərdə sənə olan sevgini yaşatmaq, solmayan bir yazı içimdə daşımaq kimidir. Bəli, vallah, yarpaqların onsuz da tökülməyə məhkum olduğu bu dünyada, ruhun fəlsəfəsini vərəqləmək və qışın astanasında baharı doğurmaq üçün payız da ən gözəl bəhanədir...

 Sevil Azadqızı

10.10.2026