Firidun Agazadə - Sözlərin də zayı çıxıb...

Ədəbiyyat 20:55 / 11.10.2026 Baxış sayı: 400

***

Sözlərin də zayı çıxıb,

sevgi şeiri yazmaq olmur.

qorxa-qorxa sevmək olmaz,

qorxa-qorxa yanmaq olmur.

 

Sevgi qorxaq oldu, heç nə,

sonra deməyin, demədi.

məsələn, Məmmədin qızı

qorxdu, sevmədi, sevmədi.

 

Hanı bu günün Tahiri,

hanı bu günün Zöhrəsi?

nədən sevgi dastanları

unudulur gözgörəsi?

 

Heç kim vurulub eləmir,

bu necə əsrdi, lələ?

heç kim “sevirəm” söyləmir,

yaman kəm-kəsirdi, lələ.

 

Hər gün aləmə od saçan

günəş tanrısından ayıb -

eşqin divanəlik odu

qalmayıb, lələ, qalmayıb.