Xatirə Rəhimbəyli - ŞƏHİDLƏRİMİZİN ƏZİZ RUHUNA...
Cəsurluğun qürurum,kədərimdi həlakın,
Cismin məzarda saxlı,ruhun cənnətdə sakin.
"Əzizim,Vətən yaxşı...",-deyim,bayatı çəkim,
Ya oxsa məzarın üstdə çalım layla,şəhidim?
Yurdun hər qarışında sənin haqqı-sayın var,
Palıdlaşan vüqarın,çinarlaşan boyun var.
Udduğumuz havada,suda sənin payın var,
Layiqiksə,haqqını halal eylə,şəhidim.
Keçdin taleyimizdən,keçdin ildırımsayaq,
Yağdırdın alovunu düşmən üstə...yenə yağ...
Adın - müsəlləh əsgər,ruhun daima oyaq,
İgidləri qisasa çağır,hayla,şəhidim.
Zamanları adlayar,əsrləri aşarsan,
Gözlərdə,könüllərdə elə qaynar,daşarsan.
Bizlər gəldi-gedərik,sən əbədiyaşarsan,
Bizdən gələcək nəslə salam söylə,şəhidim.
Layiqiksə,haqqını halal eylə,şəhidim.