ahverən Cavad - Ana gözləri kimi

Ədəbiyyat 10:00 / 27.09.2026 Baxış sayı: 529

 

27 sentyabr - Anım Günunə

 

Döyüşlərdən dönməyən mərdlərin şərəfinə,

Bu payız ağaclar da geydi əsgər paltarı.

Vətənə qurban gedən şəhidlərin xətrinə,

Əsgərtək düzüldülər-göydə durna qatarı.

 

Şəhidləri aparan yollar da vəfalıymış,

İllərdir-igidlərin evlərinə baş çəkir.

Qapılarda boy verən ağlağan söyüdlər də

Gözlərinə elə bil,yarpaq deyil,yaş əkib.

 

Əsgər kimi oyaqdır şəhidlərin evləri,

Pəncərələr yollara dikilən gözləridir-

Acı-acı ağlayar-yatmazlar ki,gecələr,

Pəncərədə işıqlar intihar edər bir-bir.

 

Atası döyüşlərdən dönməyən qızcığazın

Dilində üşüyəcək şirin"ata"

kəlməsi.

Dünyanı bağışlasan-atanı əvəz etməz ,

Qiyamətə qalacaq-atasının gəlməsi.

 

Sandıqlarda naftalin qoxuyacaq cehizlər,

"Vağzalı"həsrətiylə neçə ömür qocalıb.

Öləndə yumulmayan ana gözləri kimi ,

Neçə şəhid qapısı hələ də açıq qalıb.

27 . 09 . 2026