Saqif Qaratorpaq - ŞƏHİDİM

Ədəbiyyat 10:26 / 27.09.2026 Baxış sayı: 533

 

***

Sən nələr yaşamadın, alovdan-oddan keçdin,

"Vətən!" – dedin həmişə, şöhrətdən, addan keçdin.

Vətəni əzizlədin, qohumdan, yaddan keçdin,

Vətən səni səslədi, torpaq da pıçıldadı:

"Sən gərəksən, Şəhidim!"

 

​ Həsrətlə,məhəbbətlə baxan hər baxışdasan,

Anaların üzünə düşən hər qırışdasan.

Vətən səni unutmaz, sən ki hər qarışdasan,

Torpaq üstə gül açan çiçək sənsən, Şəhidim!

 

​Sən həmişə könüldə, sən həmişə gözdəsən,

Dil açan hər körpənin dediyi ilk sözdəsən!

Sən bizdən getmədin ki! Sən həmişə bizdəsən!

İllər, əsrlər ötür, unudulur çoxları,

Ömür-gün nağıllaşır...

Nə var şirin yuxudur... Gerçək sənsən, Şəhidim!

 

​Sən sazın havasında, tarın "Şikəstə"sində,

Mısra-mısra kövrələn şeirin hər bəstəsində,

Torpağa sipər olan hər igid sinəsində

Döyünən, qürurlanan ürək sənsən, Şəhidim!

Torpaq üstə gül açan çiçək sənsən, Şəhidim!