RamizQusarçaylı - A bənövşələr

Ədəbiyyat 20:31 / 26.09.2026 Baxış sayı: 275

 

Nə çiçək günüdü, nə arı fəsli,

Nə yaza gedirəm, a bənövşələr...

Büküb ürəyimə bir sarı fəsli

Payıza gedirəm, a bənövşələr...

 

Bir yanda dağların bəyaz yuxusu,

Bir yanda quşların vida oxusu,

Üşüyür gözümdə xəzəl qoxusu

Ayaza gedirəm, a bənövşələr...

 

Heyrətim ovunmur güllü oyundan,

İslanır tənəyin yaşıl suyundan,

Asılıb bir gülün əsmər boyundan

Güdaza gedirəm, a bənövşələr...

 

Əsdirir səbrimi o sirr sevdalar,

Sərsəri sevdalar, səfil sevdalar,

Qanıma susayıb qəfil sevdalar

O qıza gedirəm, a bənövşələr...

 

Ömür ağ yol üstdə bəyaz yazıymış,

Çoxu çoxdan gedib,

qalan azıymış,

Dünyanın son nazı ölüm nazıymış

O naza gedirəm, a bənövşələr..