Vasif vSüleyman - KÖNÜLLÜ GEDİRƏM VİRAN OLMAĞA

Ədəbiyyat 10:37 / 20.07.2026 Baxış sayı: 717

 

Sinəmə çəkdiyim şirin dağıydı,

Divanə könlümdə bir qonağıydı.

Dünyayla aramda olan bağıydı,

... Könüllü gedirəm viran olmağa.

 

İndi dəyərlidir yoxu varından,

Bir ömür çəkdiyim intizarından

Usandım dünyanın yaxşılarından,

… Könüllü gedirəm viran olmağa.

 

Dəli həsrətiydi, öldüm nazından.

Bəlkə bir yazıydı mənə azından.

İzni neçə alım iki qızımdan…

… Könüllü gedirəm viran olmağa.

Ömrün qürubuna vaxtsız çökdü qar,

Burdan o tərəfə işıqlı nə var…

Məni ovudammaz daha adamlar,

… Könüllü gedirəm viran olmağa.