Nazim Əhmədli - BU BULAQ NƏDƏN QURUYUB

Ədəbiyyat 21:32 / 19.07.2026 Baxış sayı: 555

 

Bu bulaq nədən quruyub,

suyu gəlir damçı kimi;

sinəmdə şimşək oynayıb,

yeri qalıb qamçı kimi;

 

bu doğrayan nədi məni,

yarası göynədir məni;

dərdin ütüb gedir məni,

sevgin gəlir sancı kimi;

bax, buludlar didim-didim,

mən də bir vaxt bulud idim;

bəlkə, qəfil çıxım gedim,

gedim, bir yalançı kimi;

bir bulaq oyum, içimdə,

dərdini yuyum, içimdə;

ürəyim suyun içində,

canım olub qançır kimi;

o nədi, gəzir könlümü,

daş kimi əzir, könlümü;

ayrılıq kəsir könlümü,

əzrayıl qılıncı kimi