O ƏVVƏL, BU DA AXIR - Ələddin Əziml
" Sözlərdəki sən"dən
Təbəssümün
çəkilir günbəgün
zərif dodaqlarından-
o ilk baharından.
İlahi baxışların
silinir gözlərindən.
Əyilir şux qamətin,
kədər qonur üzünə.
Qırışlar
yol tapır asta-asta
o parlaq bənizinə.
Yavaş-yavaş quruyan
çaya,
ağaca bənzəyirsən.
Dadına yetmir daha,
sevimli xəyalların.
Əgər
gücün çatırsa,
zamanı sal atından,
yönünü döndər gerı.
Həyat
öz axarında
xoş,
naxoş anlarıyla.
Ürək
boşalır, dolur
sevgi ilə,
ağrıyla.
Hələ ki dayanmısan
söykənib ümidinə.
Bəlkə,
özün yaxşı bilirsən,
de,
bu necə həyatdır?!
Hətta,
bir ulduz belə
işarmır ötənlərin
sonunda, axırında.