Əlizadə Nuri - Bu dünyanı belə görüb gedirəm

Ədəbiyyat 13:59 / 20.07.2026 Baxış sayı: 568

 

Aqşin Yeniseyə

Ağla qara sevgisindən boz oldu,

Bu torpağı ələdilər- toz oldu...

Bir qəfəsdə saxlanılan söz oldum

Bu dünyanı belə görüb gedirəm.

 

Yanmaq səni söndürürsə, hələ yan,

Öz- özünü vurar bir gün cərəyan.

Bir kədəri yüz kədərə calayan

Bu dünyanı belə görüb gedirəm.

 

Düzün gülü, dağın qarı tanrının,

Bu dəryanın hər kənarı tanrının,

...Pozulubdu dərkənarı tanrının-

Bu dünyanı belə görüb gedirəm.

Dəfinəylə bəzəsən də bu dəfi,

Səs yoxdusa, vura bilməz hədəfi.

Səfsəfələr səhv tanıdı sədəfi

Bu dünyanı belə görüb gedirəm.

Düz görmüşəm:- amma yalan görmüşəm,

Yol görmədim, neçə dalan görmüşəm,

Bir iblisə yüz aldanan görmüşəm-

Bu dünyanı belə görüb gedirəm...

Sısqa olan gur axına baxmayır,

Gülü əzir, gül ahına baxmayır.

Gözlərimin günahına baxmayın-

Bu dünyanı belə görüb gedirəm...