Üşüdəcək əllərini sazaqla- Arzu Hüseyin
Üşüdəcək əllərini sazaqlar,
Yandıracaq üz-gözünü isti də.
Darıxacaq pəncərəndən uzaqlar,
Çağıracam, deyəcəksən: "Səsdi də".
Ağlayacam, deyəcəksən: "Yağışdı",
Bilirəm ki, tanımazsan belə də.
Gör kimlərin ulduzları barışdı,
Bizimkilər qovuşmadı hələ də.
Bəlkə düşər payımıza xoş halın,
Qısa olar mənə gələn yol bu gün.
Bəhanələr qatilidir vüsalın;
Sabah gecdir, gəlirsənsə, gəl bu gün!
Armududa qızardıqca çay dəmi,
Alışarsan nəfəsimə, istimə.
Başın altda yastıq elə sinəmi,
Qucağımı yorğan elə üstünə.
Kipriyini çətir bilib gizlənim
Baxışının sual dolu selindən.
Eşq istəyim, ay ürəyi zəmzəmim,
Ovuc-ovuc içir məni əlindən.
Noğul kimi damağımda ərisin
Dodağının şirinliyi, "bəs" demə!
Elə öpüm sübhə qədər, Nəfəsim,
Bir də məndən ayrı qalmaq istəmə