Məmməd  Qədir - Xumarlanır

Ədəbiyyat 16:23 / 09.05.2026 Baxış sayı: 199

 

Belə heyran-heyran baxma, Ayüzlüm,

Baxışım keflənir, göz xumarlanır!

Sınır şüsələri, çatlayır güzgüm,

Çöküb hüzurunda diz xumarlanır

 

Dilini tapmışam lal dodağının,

Gözümə təpirəm bal dodağını,

Ovcuma alıram gül yanağını,

Sifəti allanır, üz xumarlanır!

 

Səndən od daşıyır Günəş canıma,

Düşübdü bir sönməz atəş canıma,

Elə od vurmusan küləş canıma,

Tüstüm məzələnir, köz xumarlanır!

 

Çiçəklər qısqanır cənnət qoxuna,

Ürəyi titrədər, qəlbə toxunar,

Bu qədər eşq süzmə, nolar, ruhuma,

Şairlər sevgidən tez xumarlanır!

 

İlahi hüsnündən sevgi yayılır,

Ağlım mürgüləyir, ruhum ayılır,

Səni vəsf edəndə qələm bayılır,

Məmməd, bir az tez ol, söz xumarlanır!