Firidun Agazadə- OLUR
Ədəbiyyat
16:30 / 09.05.2026
Baxış sayı: 197
Eşqin sorağını alınca könül,
Düşür pərvanətək dalınca könül.
Aldana-aldana qalınca könül,
Bağrını yandırır köz, şirin olur.
Arzuya, istəyə varmı qadağa?!
Şirin cilvələrə canım sadağa.
Üz-üzə, göz-gözə, dodaq-dodağa
Söhbət şirin olur, söz şirin olur.
Hər yetən nə bilir eşqin təhrini?
Fərhadtək çəkərəm Şirin qəhrini.
Artırmaq istəsən yarın mehrini,
Arada bir həftə küs, şirin olur