Faiq Balabəyli - BİLİRƏM, BİLMƏYİRSİZ...
BİLİRƏM, BİLMƏYİRSİZ...
Bilirəm, bilməyirsiz mənim bildiklərimi
Görürəm, görməyirsiz mənim gördüklərimi
Mənim kimi sevəmməz heç kəs sevdiklərini,-
sevməyə ürək gərək....
Qınamaram göy üzün, buludlarla nə işim
Yerlə, göylə çarpışan cəsarətim, gərdişim.
Hər kəsə aşkar olar Xudavəndlə görüşüm, -
bir az gözləyə bilsək.
Yarpaq -yarpaq tökülüb, budaq-budaq sınaram
Son ümüdəm, gümanam, son nəfəsəm, son anam
Di gəl ki, əyilmərəm, yıxılmaram, sanaram -
kəfənim olub bələk.
Nə tufandan qorxaram, nə də ki zəlzələdən
Nə hay - küydən çəkinnəm, nə də ki vəlvələdən
Güc verərəm hər kəsə, güc alaram hərədən -
puç olmaz, arzu, dilək.
Çiçəklər öz bağrına sıxar kəpənəkləri
ətirini səpələr ətrafa ləçəklərin
Qaldırar göy üzünə rəngli çərpələnkləri
könül oxşayan külək.
Üzümü söykəyərəm torpağına bu yurdun
Taxılını becərib, buğdasını sovurdum
Sinəmi ocaq etdim, qorğa kimi qovurdum
yandı, kül oldu ürək...