Rəfail Tağızadə - Sahilin tənhalığı
Bizim dənizimiz uzaqda qaldı,
coşqusu, səs-küyü, pəsi uzaqda.
Bu sükut haradan çökdü dənizə?
Səni səsləyənin səsi uzaqda.
Görüb boş sahilin tənhalığını,
daha ləpələr də sahilə gəlmir.
Nə iz var yumağa, nə də ayaqlar.
Qumlu sahilləri kimlər ayaqlar?
Qayalar lal-dinməz, çəpiksiz qalıb,
balıqçı nə vaxtdı balıqsız qalıb.
Suları gəmisiz, qayıqsız qalıb,
Ay da hücrəsində yuxuya dalıb.
Balığı, dalğası, həvəsi yoxsa,
səni səsləyəcək nəfəsi yoxsa,
sənə yüyürəsi ləpəsi yoxsa,
axı bu dənizin nəyi dənizdi?
Sənsiz bu dənizin nəyi dənizdi.