Məmməd Qədir - Görünür dünyada çox yubanmışam

Ədəbiyyat 13:58 / 04.08.2026 Baxış sayı: 527

 

Bu gün kəndimizə bayrama getdim.

Kaş getməz olardım, qübar bağladım.

Əvvəl məzarlığı ziyarət etdim,

Anamın qəbrini öpüb ağladım.

 

Gördüm atam bir az qəzəbli baxır,

Xalam, dayılarım üz çevirirlər.

Üzümə gül üzlü cavanlar çıxır,

Məndən təsbeh kimi söz çevirirlər.

Hamı təbrik edir, əhval soruşur,

Çoxu görmədiyim oğul- uşaqdı.

Duyuram, arxamca aləm qarışır,

"Gorbagor ölməyib, bu hələ sağdı"?

Çoxun tanımayıb güman edirəm,

Filankəs nəslinə bənzəyir üzdən.

Əslini, kökünü tanıyıram mən,

Birini yerişdən, birini sözdən.

Torpaq həmənkidi, kənd də həmənki,

Bəs niyə adamlar yada çevrilib.

Tanıdığım kəslər qeyb olub sanki,

Daş üstə bir sətir ada çevrilib.

Çoxusu burdadı mən tanıyanlar.

Kəndim bura imiş, indi qanmışam.

Kəndində kəndinə yad olan anlar,

Görünür dünyada çox yubanmışam...