Tofiq Abdullayev : - Erməni “təyyarəsini” vuran uşaq

Şəhidlik zirvəsinin fatehləri
...Müəllim şagirdlərə üz tutub soruşdu: Uşaqlar, deyin görüm, məktəbi bitirəndən sonra kim nə olacaq?
Hərə öz arzusunu bildirdi.Nəzər isə dedi: Mən “ maskalı “ olacam.
Onun bu sözünə müəllim də, uşaqlar da güldü: Necə yəni “ maskalı”? Axı, belə adda bir sənət, bir peşə yoxdur.
Sən demə, Nəzər “ maskalı “ sözünü elə-belə demirmiş.O, televizorda xüsusi təyinatlı qüvvələrin maskalı əsgərlərini görübmüş və böyüyəndə onlar kimi əsgər olacağını arzulamışdı...
Həmin sözləri deyən Cəmafət ana danışdıqca övladı Nəzərin lap körpəlikdən üzü bəri keçdiyi həyat yolunu, onun söz-söbətlərini , hərəkətlərini, davranışlarını göz önünə gətirir,onunla bağlı kövrək xatirələrindən söhbət açıb təsəlli tapırdı. Amma bir məqamı titrək səsi ilə etiraf etməli oldu: Özümə söz vermişdim ki, ― dedi ― nə vaxt Nəzərdən söhbət düşsə ağlamayacam, çalışacam ki, özümü toxdaq tutum. Amma görünür, bunu bacarmıram.
Ana göz yaşını silib kədərlə köks ötürərək dedi: Həmişə mənə deyirdi ki, ana, müharibədir, hər anda nə desən olar. Əgər birdən mənə bir şey olsa, nəbadə, ağlayasan, yoxsa səndən inciyərəm. Elə bil bizi qabaqcadan hazırlayırdı. Hər dəfə səbirli, təmkinli, dözümlü olmağımızı tapşırırdı, bizə qabaqcadan ürək- dirək verirdi. Hər sözü sanki bir vəsiyyət idi. Çox şeyi bizdən gizlədirdi. İstəmirdi darıxaq, dərd-fikir çəkək.
Ata- ananın, qohum - qonşuların söhbətlərindən məlum olurdu ki, Nəzər lap kiçik yaşlarından çox ağıllı, düşüncəli, zirək, ata- ana sözünə baxan, zəhmətsevən, əkin- biçinə, təsərrüfat işlərinə maraq göstərən uşaq olub. At minib çapmağı çox xoşlayırdı. Həmyaşıdları maşından danışanda, o, atdan danışardı.
Nəzər ailədə tək övlad idi. Lap uşaqlıqdan ata-anasının yaxın köməkçisi olub. Evdə, ailədə, həyət-bacada hər işi demək olar ki, o, görürdü. Ata-ana qulluğunda durmağı xoşlayırdı. Nəzər hələ uşaq vaxtı söz düşəndə yarızarafat-yarıciddi deyərdi ki, mən ata-anamın həm oğluyam, həm də qızı. Onun bu sözləri adamlara ləzzət verərdi.
Cəmafət ana daha bir maraqlı məqamı yada saldı: Nəzər körpə vaxtında çox zəif yeyirdi. 4- 5 yaşında da onu güclə, dilə tuta-tuta, aldada – aldada yedizdirirdim. Onu da deyim ki, evdə, ailədə, çöldə-bayırda erməni vəhşiliyindən o qədər danışılırdı ki, hətta balaca uşaq da erməninin pisliyini duyub hiss edirdi. Balac uşaq da bilirdi ki, ermənilərdən zəhləmiz gedir. Bunu deməkdə sözümün canı var. Bir gün də Nəzərə
yemək verəndə yeməyi çörəklə birlikdə tikələyib yan-yana düzdüm. Fikirləşdim nə edim ki, uşaq bu tikələri yesin. Nəhayət, çarə tapdım. Həmin çörək tikələrindən birini götürüb barmaqlarımın ucunda guya təyyarədir deyə yavaş-yavaş qaldırıb dedim: Nəzər, bax bu, göydə uçan erməni təyyarəsidir, onu vurmaq lazımdır. Hə, tez onu vur görüm... İnanın, uşaq erməni adını eşidəndə cəld yerindən dikəldi, əlini yuxarı qaldırıb təyyarəni vururmuş kimi tez tikəni əlimdən aldı. Beləliklə o, erməni təyyarəsi adı ilə tikələrin hamısını yedi və sonra da gülə-gülə, dili dolaşa-dolaşa dedi: Ana, gördünmü, təyyarələrin hamısını vurdum...
Bunları danışdıqca tez-tez kövrələn, qəhərlənən ana: Vaxt gəldi, balaca Nəzər erməniyə nifrət hissi ilə böyüdü. Əsgərliyə getdi, döyüşlərdə iştirak etdi. Bir dəfə ön cəbhədən mənimlə danışanda gülə-gülə dedi: Ana, yadındadımı, bir vaxt mənə verdiyin tikələri erməni təyyarəsidir deyə vurub əlindən alırdım. İndi isə oğlun ermənilərin yalançı yox, əsl təyyarələrini bir göz qırpımında vurub şil-küt edir...
Nəzər uşaq vaxtı nadinc olduğuna görə üç dəfə qolunu sındırmış , belindən də zədə almışdı. Odur ki, hərbi xidmətə çağırış vaxtı çatanda nənəsiynən anası Nəzərdən gizlin hərbi komissarlığa gedirlər ki, xahiş edib onu əsgərlikdən saxlatsınlar. Tərs kimi həmin gün Nəzər də Komissarlığa gəlir. Nənəsigili orada görəndə bərk hirslənir, deyir, sizin burada nə işiniz var, niyə bura gəlmisiniz?
Anası deyir, ay bala, axı, sənin neçə dəfə qolun sınıb, belin də zədələnib, buna görə sənə əsgərlik olmaz. Nəzər anasının bu sözlərindən daha da əsəbləşir, yox, - deyir – nə olur-olsun mən mütləq gedəcəm...
Nəzərin bu qətiyyətli sözlərini eşidən Hərbi komissar gülümsər halda ona yaxınlaşır, onu mehribanlıqla qucaqlayıb alnından öpür, əlini kürəyinə vurub deyir: Bayaqdan sənə qulaq asırdım. Çox sağ ol. Var olsun belə mərd oğullarımız...
... Nəzər Ağacəlil oğlu Əzizov 1991-ci il avqustun 28-də anadan olub. Kürdəmir rayonunun Dəyirmanlı kəndindəndir. Ata-ananın söhbətlərindən eşitdiyim kimi, o, həmişə hərbçi olmağa, ordumuzda uzunmüddətli xidmət göstərməyə can atırdı. Odur ki, həqiqi hərbi xidmətini başa vurduqdan sonra da yenidən hərbi qulluğa qayıtmağı qarşıya məqsəd qoymuşdu. Bakıda hərbi məktəbdə oxuyaraq gizir rütbəsi almışdı. Arzusu hələ uşaq yaşlarından görüb xoşladığı “maskalıların” – Xüsusi Təyinatlı Qüvvələrin sıralarına düşmək idi və özünü bu sıralarda xidmət etməyə tam hazırlıqlı bilirdi. Belə də oldu. Bütün xidməti sınaqlardan uğurla, məharətlə çıxan Nəzər Xüsuzi Təyinatlıların tərkibinə daxil edildi. Beləliklə onun hələ orta məktəb illərində dediyi “mən maskalı olacam” arzusu çın çıxdı.
Nəzər Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri ilə birlikdə 2016-cı ilin aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində fəal iştirak etməklə öz məharətini, cəsarətini layiqincə sübut etmişdi.
O, Füzulinin, Cəbrayılın, Şuşanın, Xocavəndin azad edilməsində, eləcə də Xocalı uğrunda gedən döyüşlərdə böyük igidliklər göstərdiyinə görə müvafiq döyüş medalları və Fəxri fərmanlarla təltif olunub.
Nəzər hərb sahəsinə qəlbən, ürəyinin hökmü ilə bağlanmışdı. Türkiyədə, Pakistanda, Pribaltika ölkələrində keçirilən hərbi təlimlərin fəal iştirakçısı olmuşdu.
Nəzərin döyüş yoldaşları arasında da xüsusi hörməti vardı. Çevikliyi, mərdliyi, qorxmazlığı, qeyri-adi döyüşkənliyi ilə həmişə diqqəti cəlb edirdi. Təsadüfü deyildi ki, döyüş yoldaşları ona hətta “Canavar” ləqəbi də vermişdilər. Bu söz hər kəsin dilində fəxrlə səslənirdi: “Nəzər canavar kimi oğlandır”.
Döyüşlərdə həmişə ön sıralarda gedən, qorxu nə olduğunu bilməyən Nəzər vəhşi erməni təxribatının qarşısının alınması ilə əlaqədar Müzəffər Ordumuzun keçirdiyi qisas əməlliyatı zamanı bu il sentyabrın 12-dən 13-nə keçən gecə qəhrəmancasına həlak oldu və ölməzlik deyilən şəhidlik zirvəsinə qovuşdu. O, Kürdəmir rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Nəzər Vətən naminə həyatını qurban verdi. Amma həmişə fəxr duyulası adı, həmişə anılacaq xatirəsi qaldı. Elinə-obasına, ata-anasına, ailəsinə, yadıgar qoyub getdiyi övladları Uğura və İnciyə baş ucalığı, alın açıqlığı bəxş elədi.
Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsində, düşmən üzərindəki tarixi qələbəmizdə Xüsusi Təyinatlı Qüvvələrimizin də böyük payı olduğunu və bu qüvvələrlə daim fəxr etdiyini hər dəfə qürur hissi ilə qeyd edir. Həmişə fəxr ediləsi, qürur duyulası həmin xüsusi təyinatlılardan biri də Nəzər Ağacəlil oğlu Əzizov idi... Allah rəhmət eləsin.
....Mən Dəyirmanlı kəndinə bu dəfə unudulmaz şəhidimiz Nəzərin sorağı ilə gəlmişəm. Nəzərin bir vaxt dünyaya gəlib böyüdüyü doğma evdə, doğma həyətdəyik. Hamılıqla sükuta dalmışıq. Sükutu mənim suallarım, bir də ata-ananın, doğmaların, yaxınların maraq dolu cavabları pozur. Hər kəsin ürəyi doludur. Amma danışmaqla qurtaran deyil.
Söhbət ara verəndə Nəzərin bir vaxt doğulduğu evə, gəzib-dolaşdığı həyət-bacaya diqqətlə göz gəzdirirəm. Burada hər şey əvvəlkilərə nisbətən daha mənalı, həm də qeyri-adi görünür. Yaşıl budaqlı, şaxəli ağaclar boy-boya verib dayanıblar. Torpaqdan bərəkət ətri gəlir. Budaqlarda səs-səsə verib uçuşan quşların səsi, kəndin saf, təmiz havası... Burada hər şey öz yerində, öz ahəngindədir. Təkcə Nəzər yoxdu. O Nəzər ki, bir vaxtlar öz əli, öz zəhməti ilə bu həyətdə gözəlliklər yaradırdı. İndi isə bu yerlərdə onun ölməz ruhu dolaşır, şirin nəfəsi duyulur.
Kədər içində, kövrək nəzərlərlə bu yerləri seyr etdiyimi görən ata-ana: Bu həyət-bacada, ev-eşikdə, bağ-bağatda nə görünürsə, hamısında Nəzərin izləri var, əlinin zəhməti var. Burada hər şey onu xatırladır, onu yada salır-deyə dillənirlər. Ana sözünə onu da əlavə edib deyir: Nəzərin Qubada yaxın dostu vardı. Mənə deyirdi ana, Qubadan çoxlu alma tingləri gətirib həyətimizdə əkəcəm...
Ana sözünün bu yerində qəhərləndi, göz yaşlarını saxlaya bilmədi, ah çəkib titrəyən səsi ilə: Daha nə deyim, nə danışım – dedi ― Allah ermənilərin bəlasını versin...
Mən də gözü yaşlı, lakin qürurunu sındırmayan ananın həmin qəzəbli qarğışı ilə bu yazıma nöqtə qoyuram.
Tofiq Abdullayev,
Jurnalist