Sevinc Qərib - ADINI PIÇILDAYIRAM...
Adını pıçıldayıram, duyursanmı?
Çatırmı bu həzin eşq nəğməsi qulaqlarına?
Ruhun titrəyirmi dodaqlarımın atəşindən?
Kəpənək duyğular sarırmı ürəyini?
Arayırsanmı mən adlı səadətini?
Yuva əllərini ciblərində gizlət, əzizim,
əllərim elə hey uçunur evinə sarı.
Yenə baxışlarım qovur darıxan kölgəmi,
nəm gözümdən sökülür həsrətinin divarı...
Külək haray çəkir pəncərəmin önündə,
bəlkə ağacların ahını alır,
bəlkə "ağacla" gəzənlərin günahını.
Bəlkə də dərdini çırpır şəhərin küçələrinə,
mən də ortaq oluram küləyin sərsəriliyinə...
Adını pıçıldayıram dua kimi,
xəyalın keçir Tanrıyla aramda olan körpüdən.
Hasil olmuş dilək kimi isidirsən ürəyimi,
unuduram ayrılıq fəslinin soyuqluğunu,
atıram özümü havanın qollarına...
Adını pıçıldayıram...
Dəli külək qoparır adını dodaqlarımdan,
qonur pıçıltılarım küləyin qanadına,
uçur ruhumun kəşf etdiyi ünvana-
-dur, aç pəncərəni, səsim sənə qonaq gəlir...
Adını pıçıldayıram, duyursanmı?!