Məmməd Qədir - Bahalım
Aşiqini qınama da, dəlidi,
Gah toxunum ürəyinə, gah alım.
Sənə yetincə, nur payım, bəllidi,
Gah havalar dəyişəcək, gah halım.
Belə şirin qonuşmasın gözlərin,
Allah-Allah, necə əsir dizlərim...
Tapşır, ömrüm, danışmasın gözlərin,
Dilin sussun, dodağından ah alım.
Həyat imiş heyran-heyran baxmalar,
Odumuza tab gətirmir daxmalar,
Yad qoruyur, yolub tökür doğmalar,
Gah yaşılım xəzan olur, gah alım.
Ömürlə gün, bax, dördnala çapırlar,
Gah haqq tapır, gah haqq yolu sapırlar,
Didərgindim, məni səndə tapırlar,
Sevgin imiş yurdum, yuvam, mahalım.
Məmməd, dosta sinə verdin, ox aldın,
Ömür boyu var payladın, yox aldın,
Zərrə idim, səni sevib çoxaldım,
Həyatımda həyatımdan bahalım...