Könül Nuriyeva - Yazmaq..

YAZARLAR 21:24 / 28.08.2026 Baxış sayı: 759

.

Yağışlı gün idi, sentyabr ayı idi. Atanın cins şalvarının kəmər yerindən tutmuşdum, itməkdən qorxurdum, çünki məktəbin həyətində o qədər adam vardı ki…

Özümü çox balaca hiss edirdim, məktəbi isə çox böyük görürdüm.

Hər şey xoşuma gəlirdi, əsas da kitablar. Əlifba kitabı ayrı aləm idi. Onu oxumaq yox, adamın yeməyi gəlirdi. Bu səbəbdən əlimdən yerə qoymurdum və deyim ki, birinci sinifdə dörd ya beş əlifba kitabını xarab etmişdim, danlanılırdım, yeni kitab tapmaq evdəki davaların səbəbi olurdu. Kitabı xarab etmək deyəndə, onu uca səslə, özümdən sözlər qoşaraq oxuyurdum)). Hərfləri bilmədiyimdən səbirsizlənirdim. Kitab vərəqlənməkdən və gün ərzində yerə qoyulmamaqdan dilim-dilim olmuşdu, vərəqlərin kənarları şişmişdi.

Həyatımın sonrakı illərində bacımı rayon mərkəzinə pionerlər evindəki toxuculuq kursuna aparanda üçüncü sinifdə oxuyurdum. Rayonda kitab dükanı vardı, uzun, dar, pəncərədən işığı düşən, sakit, mənə görə hədsiz, hədsiz möcüzəli görünən yer idi. Hələ indi də elə bilirəm ki, oranın satıcısı Qurban əmi o vaxt da bəxtəvər, ən xoşbəxt adam idi, əgər yaşayırsa elə indi də .Ona dəhşətli paxıllığım tuturdu, nə çox kitabı var deyə, hamısı onundu deyə, istəsə satar, istəsə özünə götürər deyə.

Həm də az danışardı, bizə acıqlamazdı. Onun bütün bu hallarını kitabla bağlayardım. Qızlar “oğurla" deyirdilər, "pulun çatmayanda oğurlamaq olar" deyirdilər.

Bir dəfə etdim, ata gördü, dinmədi. Evə qayıdanda yolda dedi ki, daha etmə. Bir daha oğurlamadım, hələ də içimdə xəcalət var, mən o cür nurlu adama qarşı pis hərəkət etmişəm deyə. Oğurlayanda köynəyimin içinə salmışdım.

- Ata, hər kəs kitab yaza bilərmi?

- Yazar.

- Bəs, uşaqlar yaza bilərmi?

- Yazar.

- Kitab yazmaq üçün nə etməliyəm?

Gülür…

- Mən üçüncü sinifdə oxuya- oxuya ən yaxşı uşaq yazıçısı ola bilərəmmi?

Susur və danışmır.

Yazıçılar həmişə mənə qeyri- adi adamlar kimi gəlirdi. Kaş görsəydim deyirdim, danışsaydım, əlini sıxsaydım deyirdim. Elə bilirdim ki, hamısının boynunda mütləq balaca şarfı olmalıdır, hər dəfə bir rəngdə. Köynəkləri mütləq düyməli olmalı, həm də dirsəyədək qatlanmalıdır. Bəlkə elə buna görə mənim yaylıq, şərf aşiqliyim hələ də davam edir.

Atamla bir dəfə kitab yarmarkasına getdik. Ayallah !!! Nə gözəl dünya, necə günəşli gün, ətraf büsbütün kitablar, nə istəyirsən seç, Könül! Bilmirəm, bəlkə də yarmarka deyildi, amma ətrafda çox, lap çox kitablar vardı.

Gülməkdən, gülümsəməkdən çənəm, ağzımın kənarları səhərisi gün də ağrıyırdı. Hələ qollarım! Bütün aldığım kitabları özüm daşıyaramsa, bunun nə mənaya gəldiyini o vaxt nə dərk edir, nə düşünürdüm. Kimsə yolda atadan istəyər, o da verər deyə yarmarka keyfimi pozacaq heç bir səbəb istəmirdim.

Hələ evdə bir qurtum su içmədən onları düzməyim, gizlətməyim! Deyəsən, anamgil gülürdülər.

Yazmaqdan, hərfləri düzməkdən həmişə xoşum gəlirdi, ən gözəl xətt mənim olmalı, oldu da. Ən birinci olmalıyam sinifdə, oldum da. Bir də gördüm, yeddinci sinifdəyəm və dörd dəftəri doldurmuşam. Mən evdə olmayanda götürüb oxuyublar, orada hər şey vardı; həyətimizə girən çaqqalardan ta ki, dayım arvadının ölümünə kimi, televiziyada deyilən xəbərləri bir - bir dinləyib, yaddaşımda saxlayıb , dəftərə köçürmüşdüm. İndi o dəftərlər elə kitablarım qədər çoxdu, içində şeirlər, gündəliklər, hekayələr, uzun məktublar.. Təsəvvür edin yeddinci sinifdən üzü bəri!

Yazmaq necə hisdir, nə keçirir adam, niyə yazır, yazmasa nə olar, çox yazırsa səbəbi nədir?

Həyatda bölüşəcəyin, səni dinləyən biri yoxdursa , mütləq yazırsan.

Rahat adamlar yazmırlar, onların rahatlığı reallıqla bağlıdır. Bu baxımdan yazanlar narahat adamlardır.

Sonra əhvalı yerində olmayanlar, ruhiyyəsizlər yazır, sevənlər yazır, içində çoxlu dünyalar yerləşdirənlər yazır, özünü tapmaq istəyində olanlar yazır.

Yazmaq pisdir və ya yaxşıdır, bilmirəm. Qarşısıalınmaz istəkdir, bunu dəqiq bilirəm. İstəsən də, özünü saxlaya bilmirsən. Gözlərin çıxır, barmaqların şişir, amma yenə yazırsan. Görəsən niyə?!

Bəlkə sən hər insanın bu qədər zəngin olduğunu, o mənəvi zənginliyi yazıya çevirmədikləri üçün heyfslənirsən, onlar da eynisini etsin deyə, yazırsan.

Bəlkə getdikcə gedən, endikcə enən, yüksəldikcə yüksələn sözün, yalnız sözün daxil ola bildiyi o cazibəli dünyanı axırına kimi ifadə etmək istəyirsən və bilə- bilə ki, bu əbəsdir, bu bir ömürə sığacaq iş deyil, bu səni yorar, bunun əziyyəti sevincindən çoxdr !