Tahir Rzayev, millət  vəkili : - "Milli Qurtuluşumuzun Müəllifi Heydər Əliyevdir!"

HÜQUQ 11:33 / 10.06.2024 Baxış sayı: 2004

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 İyun – Milli Qurtuluş Günü ilə ölkənin gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Azərbaycan tarixin ictimai, siyasi əhəmiyyətə malik olan qurtuluş səhifəsinin müəllifi ümummilli lider Heydər Əliyevdir. Ölkəmiz müstəqillik əldə etdikdən ta bu günə qədər qazanılan bütün nailiyyətlərin təməlində Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu kursu uğurla davam etdirən Prezident İlham Əliyevin möhkəm iradəsi dayanır. Azərbaycan xalqı indi daha əmindir ki, müstəqil Azərbaycan budan sonra ən yüksək zirvələri fəth edəcək. 

 

Yenises.az  mildirir ki, bəlli  tarixi  günlə  bağlı  fikirlərini bölüşən Tahir Rzayev deyib ki, qurtuluş tarixi Azərbaycan xalqı üçün qürurverici və unudulmazdır: Millət  vəkili daha  sonra  əlavə edərək  vurğulayıb ki, "Mən bu tarixin 1969-cu ildən dəyərləndirilməsini daha məqbul hesab edirəm. Çünki o dövrdə də respublikamız ağır iqtisadi və mənəvi böhran içində olub. Ulu Öndərimizin respublikaya rəhbər seçilməsi insanları həmin böhrandan xilas etdi, onlara işləmək, yaşayıb-yaratmaq üçün inam verdi. Heydər Əliyev həmin dövrdə bizə milli kimliyimizi anlatdı, dərk etdirdi. Dilimizə, tariximizə böyük hörmət oyatdı. Bu gedişlər, təşkilatçılıq, inam tez bir zamanda Azərbaycanı İttifaqın ən inkişaf etmiş resublikalarından biri kimi tanıtdırdı. Region sürətlə inkişaf etdi, insanların rifah halı yaxşılaşdı, yeni zavod və fabiklər tikildi, mədəniyyət ocaqları, səhiyyə müəssisələri istifadəyə verildi. Qürurverici idi. Sözsüz ki, bu, xalqın öz rəhbərinə inamından, onun bacarığından, təşkilatçılığıdan irəli gəlirdi. Azərbaycan xalqı çətin günündə öz rəhbərinə inamla müraciət etdi. Biz bunu 20 Yanvar faciəsi günlərində də gördük, ən çətin anlarda hiss etdik. 1993-cü ilin iyun ayında qarşıdurmaların baş alıb getdiyi, vətəndaş müharibəsinin yetişdiyi bir dövrdə də xalqın Ulu Öndərimizə müraciət etməsi səbəbsiz olmadı. Əlbəttə, bu, xilaskarlıq missiyası idi. Heydər Əliyev bunu 1969-cu illərdə də bacarmışdı. Xalqın öz rəhbərinə olan inamı onu yenidən bu missiyanı daha bacarıqla, uzagörənliklə yerinə yetirməsinə imkan yaratdı. Biz 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edirik. Həmin günləri xatırladıqca gözlərimizin qarşısında çox acınacaqlı mənzərə yaranır. Torpaqlarımız işğal altına düşürdü, insanlar bir-birilərinə qarşı çıxırdı, vətəndaş müharibəsi yetişmişdi. Silahlı qruplaşmalar, ayrı-ayrı siyasi partiyalar, kəskin mübarizələr Azərbaycanı uçuruma aparırdı. Elə bir dövrdə vəzifəyə gəlmək, münaqişələrin, qarşıdurmaların qarşısını almaq, ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək, əlbəttə ki, yüksək bacarıq, təşkilatçılıq, həm də beynəlxalq aləmdə nüfuz tələb edirdi. Bütün bunlar Heydər Əliyevin simasında cəmləşmişdi. O, fəaliyyətdə olduğu bütün dövrlərdə insanlarla bir idi, Azərbaycanın inkişafı üçün əlindən gələni edirdi. Bütün səyi ilə xalqları birləşdirməyə çalışmışdı. 15 iyunda da belə oldu. Heydər Əliyev hakimiyyətə gəlməklə ilk növbədə ictimai-siyasi sabitliyi bərpa etməyi, atəşkəsə əməl olunmasını, iqtisadi imkanların nəzərə alınmasını qarşıya məqsəd qoydu. Az bir müddətdə bu sahədə çox mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev vətəndaş həmrəyliyini ön plana çəkdi. Atəşkəs barədə sənəd imzalandı, "Əsrin müqaviləsi" ortaya gəldi. Bundan sonra müəyyən islahatlar, xüsusilə, torpaq islahatı həyata keçirildi. Ulu Öndərimizin qoyduğu bünövrə bu gün davamlıdır, möhkəmdir. Hörmətli Prezidentimiz İlham Əliyev bu ideyalara, bəşəri dəyərlərə arxalanaraq ölkəni böyük bacarıqla təşkilatçılıqla idarə edir. Qurtuluş tarixini anarkən Heydər Əliyevin xatirəsini ehtiramla yad edirik. Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək, torpaqlarımızın yenidən canlanması, həyatın qayıtması idi. Bu gün Qarabağ, Şərqi Zəngəzur torpaqları artıq düşməndən azaddır. Ali Baş Komandan cənab İlham Əliyevin böyük səyi, düşünülmüş siyasəti, Ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində erməni faşistlərinin ayağı Qarabağ torpaqlarından kəsilib. Ulu Öndərimizi ruhu şaddır, çünki Azərbaycan tam suveren dövlətdir, dünyada böyük beynəlxalq nüfuza malik ölkədir. İşğaldan azad olunmuş torpaqlar bərpa edilir, yenidən qurulur. İnsanlar öz ata-baba yurdlarına qayıdırlar. Biz Milli Qurtuluş Gününü daha iftixarla, fəxarətlə qeyd edirik. Fəxr edirik ki, Azərbaycan vətəndaşıyıq, belə bir dövlətin inkişafında, ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak edirik. Azərbaycanın tanıdılması üçün az da olsa, əmək sərf edirik. Bu, Heydər Əliyevdən bizə qalan tövsiyələrdir, ənənədir. Azərbaycan xalqı qurtuluş tariximizi hələ uzun əsrlər xatırlayacaq. Hər dəfə Ulu Öndərin xatirəsini hörmət və məhəbbətlə yad edəcək".