Əzadə Nuri - Dərdə ağlamazlar, dərd ağladarlarli
Bir şair inadı nə boyda imiş,
Amma oturduğu balaca dam var.
Mən tək deyiləm ki, mənim içimdə
Üzünü gizləyən başqa adam var.
Mənə dərvişliyi kim öyrətdi ki-
Kim mənim əlimə verdi əsanı?
Bayquşlar içində kef etsin deyə
Qartallar haçandı xaraba salır...
Dərdə ağlamazlar, dərd ağladarlar,
Gəl, gəl, gözlərinin yaşını kəsək.
Şeytanın başını kəsə bilmədi-
Gətir o qılıncın başını kəsək...
Günəşə nə qədər yol qalıb görən,
Atsam qaranlığı yanar ocaqda?
Bəlkə həqiqətdi o sısqa adam
Dayanıb bir soyuq dayanacaqda?
...Bir şair inadı nə boyda imiş,
Amma oturduğu balaca dam var.
Mən tək deyiləm ki, mənim içimdə
Üzünü gizləyən başqa adam var...