Saqif Qaratorpaq - Darıxma,qayıdaram...

Ədəbiyyat 09:49 / 10.10.2026 Baxış sayı: 634

 

Darıxma,qayıdaram,

Yenə dönərəm sənə.

Anasız uşaq kimi

Sığınaram köksünə.

Qayıdaram bu payız,

Ağaclar üşüyəndə.

Yarpaqlara,otlara

Sapsarı xal düşəndə.

Qayıdaram,yağışlar

Narın-narın yağanda.

Qayıdaram bir səhər,

Ürəyin darıxanda.

Bir xəbər göndərmərəm,

Gəlsəm,qəfil gələrəm.

Kipriyindən süzülən

Göz yaşını silərəm.

Boylanıb yan-yörənə

Baxarsan ürkək-ürkək.

Nəfəsimdən gül açar

Yanağın çiçək-çiçək...

Saçını sığalllayıb,

Əllərindən tutaram.

Qarışaram payıza,

Özümü unudaram..