Şövkət Zərin Horovlu.-Yuxuda şeir yazıram
Ədəbiyyat
10:01 / 13.08.2026
Baxış sayı: 983
Bir şeir gəlmişdi yuxuma gecə,
Yuxumu yuvadan uzaq salmışdı.
Həzin, kövrək idi, bir nəğmə kimi,
Kim onu yuxuma pıçıldamışdı?
Qaranlıqda sanki bir ulduz idi,
Gözümə görünüb gah çəkilirdi.
Sevgilə doluydu qoynu-qoltuğu,
Üzündən , gözündən nur tökülürdü.
Şeirlə nə vaxtdan vidalaşmışdım,
Məni yarıtmadı çoxları kimi.
Bir ömrü mən ona giröv qoymuşdum
Haqqımı almadım,qırdı könlümü.
İlahi payıydı, yəqin bu şeir ,
İşığına düşüb çaşıb ,azırdım.
Kağızsız, qələmsiz gecə yuxuda,
Yenə kipriyimlə şeir yazırdım.