Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş Tribunası” ictimai birliyinin icra etdiyi “Böyük türk birliyinin inteqrasiya perspektivləri” layihəsi çərçivəsində növbəti tədbir Naxçıvan MR Sədərək qəsəbəsində keçirilib.
Sədərək rayonunun yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə 12 avqust 2026-cı ildə baş tutmuş görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) əməli fəaliyyətilə bağlı layihənin əhəmiyyəti haqqında danışılıb. Tədbiri giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsi, ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri İman Məmmədhəsənli açaraq deyib ki, Azərbaycan TDT ilə münasibətlərə və əlaqələrə hər zaman xüsusi diqqətlə yanaşıb və bu istiqaməti öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində daim yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir və bununla da təşkilatın funksionallığının gücləndirilməsinə öz müstəsna töhfəsini verir. Azərbaycan Prezidenti dünya siyasətində öz ölkəsinin yerini və mövqeyini təyin edərək demişdir: “Bizim ümumi evimiz olan türk dünyası XXI əsrin ən nüfuzlu geosiyasi mərkəzlərindən birinə çevrilməlidir”.
Mövzu üzrə məruzə ilə çıxış edən layihə rəhbəri, yazıçı Səfər Alışarlı Türk Dövlətləri Təşkilatının yaranma zərurətlərini, regional və beynəlxalq rolunu vurğulayaraq deyib ki, əsası 2009-cu ildə Naxçıvanda türk dövlətləri başçılarının zirvə görüşündə qoyulmuş bu təşkilatın məqsədi müxtəlif tarixi şəraitlərdə parçalanaraq ayrı düşmüş türk xalqları arasında iqtisadi, siyasi və mədəni əlaqələri bərpa etməkdir. Qeyd edilmişdir ki, eyni etnik köklərə, dini və mədəni dəyərlərə sahib olan xalqların gələcəyi bu birliyin möhkəmlənməsi və bütün sahələr üzrə inkişaf etdirilməsilə ilə sıx bağlıdır.
Natiq bildirdi ki, Türk Dövlətləri Təşkilatı özünün çoxşaxəli fəaliyyətini rəsmi dövlət qurumlarından başqa Türksoy, Türkpa, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası, Türk Ticarət və Sənaye Palatası kimi alt qurumlar vasitəsilə həyata keçirir. Bundan əlavə, bu dövlətlərin ictimai və yaradıcılıq təşkilatları əlaqəli şəkildə ümumtürk mədəniyyətini təmsil edən ayrı-ayrı tarixi şəxsiyyətlərin yubileylərini keçirir, müasir mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığı genişləndirirlər. Qeyd olundu ki, 2024-cü ildə türk dövlətləri akademik səviyyədə 34 hərfdən ibarət latın qrafikalı ortaq türk əlifbasının formalaşdırılması yolunda böyük maneələri keçərək, ümumi mövqeyə gələ bildilər. 2026-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi bütövlükdə türk dünyası üçün əlamətdar hadisəyə çevrildi. Türk Dövlətləri başçılarının bu ilin may ayında Qazaxıstanın Türküstan şəhərində keçirilmişqeyri-rəsmi görüşündə regionda davam edən dağıdıcı müharibələr fonunda dövlətlərin müdafiə qabiliyyətinin artırılması üçün səylərin gücləndirilməsi və orduların birgə hərbi təlim və məşqlərinin keçirilməsi qərara alınmışdır.
Çıxış edənlər Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı İbrahim Hənifəzadə, Sədərək Mərkəzi kitabxanasının direktoru Kəmalə Əliyeva, Alışar kəndorta məktəbinin müəlliməsi Şəfa Xəlilova, Heydərabad qəsəbəsi uşaq bağçasının müəlliməsi Natəvan Sadıqova və başqaları tədbirin əhəmiyyətini vurğulayaraq, onun yerli ictimaiyyətin maarifləndirilməsinə xidmət etdiyini bildirmişlər. Natiqlər TDT-nin fəaliyyəti nəticəsində Orta Dəhlizin Zəngəzur hissəsində TRİPP layihəsinin tezliklə icra olunacağına və Naxçıvanın Azərbaycanla birbaşa logistik əlaqələrinin bərpa ediləcəyinə ümidvar olduqlarını bildiriblər. Çıxış edənlər bu yolun bütün türk dövlətləri, həmçinin digər qonşu ölkələr və bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış buklet və dəftərxana ləvazimatları paylanıb, foto və videoçəkilişlər aparılıb.